07 iyun 2022 17:23
1420

Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir

“Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib.

“İkitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlıq genişləndirilir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın təşəbbüsü ilə irəli sürülən, bəzən həmmüəllif kimi çıxış etdiyi qətnamələri hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Həm Azərbaycan Türkmənistan üçün, həm də Türkmənistan bizim üçün qardaş ölkə və qardaş xalqdır”, - o qeyd edib.

E.Nəsirovun sözlərinə görə, son illər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafını təmin edən, 100-dən çox sənədi özündə birləşdirən hüquq-müqavilə bazası yaradılıb: “Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanması neft-qaz sektorunda ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ oldu”.

Vitse-prezident qeyd edib ki, imzalanmış sənədlər arasında Azərbaycan, Türkmənistan və İran arasında 2021-ci il noyabrın 28-də imzalanmış svop qaz tədarükünə dair üçtərəfli saziş də mühüm yer tutur və bu sənəd regiona gələcəkdə daha da böyük inkişaf vəd edir.

“Dostluq” layihəsi SOCAR-ın xüsusi rol oynadığı Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli genişlənməsi üçün platformaya çevriləcək. Mən həqiqətən ümid edirəm ki, qardaş Türkmənistanla əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə yaxın vaxtlarda şirkətin filial və ofisini aça biləcəyik”, - Nəsirov bildirib.