10 iyun 2022 15:30
1261

Standartlara uyğun olmayan qaz cihazları və kəmərləri ləğv ediləcək FOTO

İyunun 10- da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadovun moderatorluğu və qurumun şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

 R. Cavadov  Birliyin 2022-ci ilin yanvar-may aylarına dair iqtisadi göstəricilərini jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, yanvar-may aylarında təbii qazın ödəniş səviyyəsi 101,02 faiz olub: « Bu,  2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 faiz çoxdur. Əhali sektoru üzrə ödəniş səviyyəsi  99,48 faiz olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 2 faiz azdır. Ancaq qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 102,87 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9  faiz çoxdur. Dörd ay ərzində istehlakçıların sayı 2 milyon 465 min 415-ə çatıb. O cümlədən əhali üzrə bu artım 22975, qeyri- əhali üzrə isə 1100  olub.»

Baş direktorun müavini 2022-ci ilin yanvar- may aylarında  qəbul edilən təbii qazın həcmi barədə məlumat verdi: «Bu dövrdə Birliyin boru xətlərinə 4 milyard  207 milyon kubmetr təbii qaz qəbul edilib. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım olub. O cümlədən bu ilin may ayı ərzində 390 milyon kubmetr təbii qaz qəbul olunub  ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon kubmetr artım deməkdir.»

Rəşad Cavadov onu da qeyd edib ki, 2022-ci ilin yanvar-may aylarında  244,5 kilometr uzunluğunda yeni qaz xətləri çəkilib. Çəkilən qaz xətlərinin 31,1 kilometri  Bakı və Abşeronun, 212,4 kilometri isə regionların payına düşüb: «2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması  planlaşdırılıb. Hazırda qeyd olunan qazlaşdırma işi sürətlə davam  edir.»

Təbii qazın limiti bardə məlumat verən R. Cavadov bildirib ki, yanvar-may aylarında əhali qrupu üzrə abonentlərin 75,9 faizi  aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib. Həmçinin iyunun 1-dək  «Azəriqaz» üzrə istismarda olan sayğacların sayı (əhali üzrə ) 2 427 456 ədəddir. Bunların 62,6 faizi sonradan ödənişli (mexaniki), 37,4 faizi isə smart-kart tipli cihazlardır.

Tədbirdə qazdan təhlükəsiz istifadə barədə də məlumat verilib. «Azəriqaz» İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, «Qaz təchizatı haqqında» Qanuna edilən dəyişikliklərə görə, təhlükəsizlik məsələləri yenidən «Azəriqaz» İstehsalat Birliyinə həvalə edilib: «Artıq bu istiqamətdə yoxlamalara başlanılıb. Yoxlamalar çox ciddi şəkildə aparılır. Bizim iş prinsipimizdə standartlara uyğun olmayan və təhlükə mənbəyi olan qaz cihazları və kəmərləri dərhal ləğv edilir.»

Elçin Zaman, «İki sahil»