13 iyun 2022 17:58
1242

“SOCAR Türkiyə” Türkiyə İxracatçılar Məclisinin açıqladığı “2021-ci il İxracat Çempionları” siyahısında ilk onluqda  FOTO

Türkiyə İxracatçılar Məclisi (TİM) “2021-ci il İxracat Çempionları” siyahısını açıqlayıb. Türkiyədə ən böyük xarici investoru olan “SOCAR Türkiyə” bu siyahıda 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan Petkim TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə bildirilib ki, Haliç Konqres Mərkəzində keçirilən tədbirdə ötən il Türkiyədə ən böyük ixrac dövriyyəsinə malik olmuş 10 şirkətə mükafatlar verilib.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “SOCAR Türkiyə”nin layiq görüldüyü mükafatı Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarova təqdim edib. 

SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov qeyd edib ki, Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib: “Xüsusilə SOCAR-ın törəmə müəssisələri olan Petkim ve STAR NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu uğura nail olduq. Türkiyənin ilk 10 ixracatçı müəssisəsi arasında yer almaqdan böyük qürur duyuruq. Dost və qardaş Türkiyənin ixracatına verdiyimiz töhfə bizim üçün xüsusilə önəmlidir”.