17 iyun 2022 20:39
1501

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə ABB arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıblar.

“İki sahil” xəbər verir ki, əməkdaşlıq tələbə və məzunlara təcrübə, karyera imkanlarının yaradılması, müəyyən elmi layihələrdə iştirak, ABB İnnovasiya Mərkəzi vasitəsilə tələbə startaplarının dəstəklənməsi və s. bu kimi istiqamətləri əhatə edəcək.

Bakı Ali Neft Məktəbinin ilk dəfə olaraq bankla əməkdaşlıq etdiyini vurğulayan rektor Elmar Qasımov bu əməkdaşlığın tələbələrə böyük imkanlar açacağını bildirib: “Regionun aparıcı banklarından olan ABB ilə işbirliyi bizim üçün çox önəmlidir. Bu əməkdaşlıq tələbələrimizin gələcək karyerasında, bir çox bacarıqlarının inkişaf etməsində mühüm rol oynayacaq. BANM-in 11 məzunu ABB-də çalışır. Gələcəkdə bu sayın artacağına və daha çox tələbəmizin bankda təcrübə keçmək imkanları qazanacağına inanırıq. ABB ilə BANM arasında imzalanan memorandum, eyni zamanda elm, təhsil və biznes arasında faydalı inteqrasiya yaradır”.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır. Təhsil müəssisələri ilə əlaqələr bu baxımdan bank üçün böyük əhəmiyyət daşıyır: “İstedadlı gənclərimizin çoxu ali məktəblərimizdə yetişir. Biz də bu cür əməkdaşlıqlarla gənclərimiz üçün yeni imkanlar yaradırıq. ABB indiyə qədər bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi kimi layihələrimiz bizə istedadlı gəncləri cəlb etməyə, onların yaradıcı potensialını üzə çıxarmağa imkan verir. Bakı Ali Neft Məktəbi ilə çoxşaxəli əməkdaşlığımız da inanırıq ki, hər cəhətdən faydalı olacaq”.

Sonda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova “Fəxri qonaq” diplomu təqdim edilib.