KÖŞƏ

Vəli İlyasov

Minsk qrupu, "davay, dosvidaniya!"

22 iyun 2022 03:06
2012

Daim Ermənistanın tərəfini tutan bu qurum bizim təşəkkürümüzü qazana bilmədi

Ölkəmiz 1988-ci ilin fevralında ermənilərin Xankəndidə "miatsum" deyə bağırdıqları gündən ta 2020-ci ilin sentyabrına qədər ikili standartlar ucbatından olmazın əzablar, müsibət və məşəqqətlər, soyqırımları yaşayıb. Həmin məlun ikili oyunların başında isə daim qəsdimizə duran ATƏT-in Minsk qrupu adlanan ədalətdən uzaq olan qurum dururdu. Üç ölkənin qrupdakı üç həmsədrinin üçü birinə dəyməzdi, biri də heçə. Çünki bu üç həmsədr otuz iki il davam edən münaqişənin dinc vasitələrlə həlli üçün üç kəlmə kəsərli söz söyləmədi və üç doğru fikir irəli sürmədi. Külli-ixtiyar sahibi olan həmin üç həmdədr ildə özünə "zəhmət" verib cəmi bir-iki dəfə guya "konstruktiv təklif"lərlə Bakıya və İrəvana səfər etməklə "işlərini" bitmiş hesab edirdi. Beləliklə də münaqişə acı bağırsaq kimi uzanırdı.

Səfərlərinin nəticəsiz qalması təkcə həmsədrlərin astagəlliyi, səriştəsizliyi və əfəlliyi ilə izah olunmamalıdır. Onlar siyasətdə kifayət qədər təcrübəli və tanınmış şəxslər idi.  Sadəcə olaraq, bizə qarşı siyasi "priyom"lar işlədərək işğal prosesini bilərəkdən uzadır, Qarabağı bizə tədricən unutdurmağa çalışırdılar. Bu, onların son məqsədi idi. Başqa sözlə, Minsk qrupunun fəaliyyəti tamamilə Ermənistanın mənafelərini qorumaqdan ibarət idi. Baxmayaraq ki, Prezident İlham Əliyev dövlət başçıları, siyasət adamları, jurnalistlərlə söhbətində Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmayacağını, bir qarış ərazimizin belə Ermənistana verilməyəcəyini qətiyyətlə bildirirdi. Bununla belə həmsədrlər yenə ikili standart siyasəti yürüdərək tısbağa sürəti ilə "irəliləyirdilər." Yəqin düşünürmüşlər ki, işğalçı Ermənistan daim diktə edən tərəf, Azərbaycan isə əzilən tərəf vəziyyətində qalacaq, əlli ildən sonra isə Qarabağ məsələsi azərbaycanlılar tərəfindən tamamilə unudulacaq. Ancaq "sən saydığını say" deyiblər...

Nəhayət, 2020-ci ilin sentyabrında Ermənistanın saysız-hesabsız təxribatlarına əks-hücumla cavab verən Azərbaycan Ordusu Minsk qrupunun "görkəmli" siyasətçilərinin iyirmi altı ildə bacarmadığı işi cəmi 44 gündə həll etdi. Artıq iki ilə yaxındır ki, Minsk qrupu oyundan kənar vəziyyətində qalıb.  Yəni, onun fəaliyyətinə xitam verilib. Di gəl ki, Ermənistanın rəhbərləri "qıdığ gəlməyə ölü"dən əl çəkmirlər. Bir neçə gün əvvəl işğalçı Ermənistanın əlindən bir iş gəlməyən müqəvva prezidenti Vahan Xaçaturyan Moskvada sərsəmləyərək  deyib ki, Azərbaycan-Ermənistan sülh danışıqlarında Minsk qrupu həmsədrlərinin iştirakı vacibdir. Onun sərsəmləməsinin səbəbini isə yuxarıda izah etdik. Ancaq rəsmi Bakının mövqeyi buna tamam əksdir.  

"Rusiya-Ukrayna müharibəsi aydın şəkildə göstərir ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkələri bir araya gələ bilmir. Biz artıq bu mesajları alırıq. Artıq həmsədrlərin funksiyası yoxdur”.

Bu fikri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Prezident daha sonra bəyan edib ki,  "Təşəkkür edirik yox,  əlvida demək olar”. Yəni, kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.

Bəli, mövcud olduğu otuz ildə Minsk qrupu təşəkkür qazanmadı. Əvəzində Azərbaycan xalqının etimadsızlığı ilə üzləşdi. Görünür, həmsədrlər əməllərindən xəcalət çəkirlər və insafən indiyədək səslərini içlərinə çəkib sakitcə oturublar. Ancaq "iş başında" olanda bizə bacardıqları yamanlıqları etdilər. Ermənilərə çanaq tutanlar və ya onlara quyruq bulayanlar indi bizdən təşəkkür ala bilməzlər. Ona görə də,  həmsədrlərə "təşəkkür" yox, sadəcə, "davay, dosvidaniya" deməklə kifayətlənməli oluruq. Çünki qılaflı həmsədrlər yalnız belə "hörmət"ə layiqdirlər. Bundan sonra onların haqqında felin keçmiş zamanında danışacağıq.