30 iyun 2022 13:47
747

Azərbaycan dövləti sülhün və əməkdaşlığın tərəfdarıdır

Azərbaycan çoxəsirlik tarixə malik,sülhü, əmin- amanlığı sevən,humanist və multikultural dəyərləri sözdə deyil,əməldə göstərməyi bacaran,tarixən müharibə və terrorların əleyhinə öz mövqeyini qətiyyətlə nümayiş etdirən bir xalq və dövlətdir. Münaqişənin başladığı gündən 30 ilə yaxın bir müddətdə xalqımıza qarşı baş verən soyqrımları,qətliamları dinc əhaliyə tutulan divanları ,ekoloji terror və nəhayət qeyri qanuni məskunlaşdırma siyasətini nəzərə alaraq demək olar ki Qafqazda sülhün və sabitliyin hər bir əməkdaşlığın tərkib hissəsi olduğunu düşünən Azərbaycan dövləti bu illər ərzində humanist mövqeyini nümayiş etdirərək,problemin həllinə daima sülh yolu ilə nail olmağa çalışmışdır. Lakin dünya birliyinin Azərbaycanın haqlı mövqeyinə münasibəti nəzərə alaraq öz haqq işini özü həll etməyə qadir olan güclü orduya və iqtisadiyyata malik Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini Azərbaycan özü yerinə yetirdi.

Artıq II Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı gündən- günə artır.Bunu biz Ölkə başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri və digər xarici ölkə başçılarının Azərbaycana səfərləri zamanı apardıqları diplomatik danışıqlar zamanı ölkəmizlə əməkdaşlığa maraqlı olduqlarının bir daha şahidi oluruq.

Son zamanlar Azərbaycan ardıcıl olaraq sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edir. "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda Şuşa şəhərində və paytaxt Bakıda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinə bir daha Azərbaycandan mesaj oldu. Prezident İlham Əliyevin əməkdaşlıq, inkişaf, sülh və sabitlik kontekstində təşəbbüsləri qonşu dövlətlərlə inkişaf və əməkdaşlığın daha da genişləndirilməsinə əsaslanır. Azərbaycan hər zaman regional sülhün və inkişafın tərəfdarı olub və bu istiqamətdə mütəmadi olaraq səmərəli təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər təkcə Azərbaycan xalqının deyil, bütün region ölkələrinin və qonşu dövlətlərin xalqlarının rifahına və tərəqqisinə xidmət edib. Bu gün də Azərbaycan eyni siyasəti həyata keçirməkdə davam edir. Dövlətimiz əmindir ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.

Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. Hazırda rayonumuzun ərazisində mühüm əhəmiyyətli infrastruktur layihələrin icrası uğurla davam etməkdədir.

Vətən müharibəsindən sonra ölkəmizin irəli sürdüyü beynəlxalq nəqliyyat layihələri bütün regionun inkişafına, Avropaya çıxışın daha rahat marşrutlarının yaranmasına xidmət edəcək. Qonşu dövlətlərə təklif etdiyi yeni prespektivli layihələrdə, eyni zamanda Azərbaycanın azad olunmuş ərazilərində gedən bərpa-quruculuq işlərində iştirakı bütün regionda sülhün və sabitliyin möhkəmlənməsinə,ümumi inkaşafın sürətlənməsinə gözəl töhfələr verəcək.Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb, onların reallaşması istiqamətində atdığı addımları ilə təsdiqləyib və təsdiqləməkdədir.

Alimə Əliyeva, 
Füzuli rayon 54 nömrəli tam orta məktəbin tarix müəllimi