18 noyabr 2025 01:58
87

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır

Dövlət başçısı İlham Əliyev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bir daha bildirdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərar geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək

Dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra bölgədə tamamilə yeni reallıq yaratdı. Bölgədə və dünyada mövqeyini möhkəmləndirən ölkəmizin regionda dayanıqlı sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atdığı addımlar təqdir edilir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da inkişaf edir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir.

Hər iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri hər iki ölkə dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Ümummilli Lider Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun Özbəkistanın dövlət başçıları ilə dostluq münasibətləri bugünkü inkişafın təməlini qoydu. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında Müqavilə” böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin.

Bugünkü reallıqlara nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin təzahürüdür. Prezident İlham Əliyev bildirir ki, həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu, həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışdılar. Yəni, dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışdılar.

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə verdi.

Prezident İlham Əliyevin 2004-cü ildə Özbəkistana səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdı. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunurdu. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkədə səfərdə oldu. Qeyd edək ki, cənab İlham Əliyev istər səfərdən öncə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində, istərsə də sözügedən tədbirdəki çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin tarixindən və hazırda iqtisadi, siyasi, humanitr sahələrdə uğurlu inkişafından, bütün sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan geniş bəhs etdi. Müsahibəsində “Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə cənab İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.

Qarşılıqlı səfərlərin dinamikliyi, həmçinin bu səfərlər zamanı imzalanan sənədlər əlaqələrin inkişafında öz sözünü deyir. Keçən ilin avqustunda cənab İlham Əliyevin, bu ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri oldu. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verdi. Cənab İlham Əliyev müsahibəsində qeyd etdiyi bu fikirlərin davamı olaraq noyabrın 15-də Özbəkistana reallaşdırdığı səfər zamanı həm özbəkistanlı həmkarı ilə keçirdiyi təkbətək görüşdə, həm də Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında münasibətlərimizin uğurlu inkişafından bəhs edərək hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilən bu mühüm qərara-Azərbaycanın Mərkəzi Asiya platformasının tamhüquqlu iştirakçısı olmasına diqqəti yönəltdi. Cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə həmkarlarına təşəkkürünü bildirdi və qeyd etdi ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək.

Özbəkistanın Prezident Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləməsi də xüsusi diqqət göstərilən reallıqlar sırasında oldu. Cənab İlham Əliyev qeyd etdi ki, onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Mirziyoyev müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür.

Reallıq budur ki, eyni soykökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bir daha vurğuladı ki, Azərbaycan artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. 2023-cü ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun, 2024-cü ildə isə Qazaxıstan Prezidenti hörmətli Kasım-Jomart Tokayevin dəvəti ilə sammitlərin işində iştirak etmişəm. Budəfəki iştirakım isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə reallaşdı. Atılan bu addımlar bir daha təsdiqləyir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.

Azərbaycan və Özbəkistan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayır. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk. Artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır. Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Bu əminlik də ifadə edildi ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.

Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon dollar təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu məqamları da diqqətə çatdırdı ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bugünədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.

Göründüyü kimi, hər bir səfər ölkələr arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirilir. Bugünümüzün əsas çağırışı Türk dünyasının birliyini daha da möhkəmləndirməkdir ki, burada hər bir türk dövlətinin rolunu, səyini görməkdən məmnunluq hissi keçiririk. Azərbaycan-Özbəkistan əlaqələri öz növbəsində Türk dünyasının birliyinə böyük töhfədir.

Yeganə Əliyeva, “İki sahil”