07 iyul 2022 16:35
1743

Rövşən Nəcəf BANM-in "TEKNOFEST" qalibləri ilə görüşüb - FOTO

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin (BANM)  mayın 26-29-u tarixlərində Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük Aerokosmik və texnologiya festivalı - “TEKNOFEST"də  qalib olan komandaları ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımovun da iştirak etdiyi görüşdə Rövşən Nəcəf BANM komandalarının böyük uğura imza atdığını vurğulayaraq onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb və onlarla qürur duyduğunu bildirib. Tələbələrin layihələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Rövşən Nəcəf layihələrdən istifadə olunması istiqamətində işlər görülməsinin vacibliyindən bəhs edib. Bildirib ki, bu layihələrin inkişafı, gələcəkdə bazara çıxarılması üçün SOCAR tam dəstək verməyə hazırdır.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Görüşün sonunda qalib komandalara sertifikatlar təqdim olunub.  

Xatırladaq ki, festivalın final mərhələsində Bakı Ali Neft Məktəbi 16 komanda və 2 startap layihəsi ilə uğurla təmsil olunub.  BANM-in 6 komandası B kateqoriyası üzrə 6 müsabiqədə 8 mükafata layiq görülüb. “İstiqlal” və “Atəşgah” komandaları I yerə, “Murov” komandası II yerə, “Gülüstan” komandası III yerə, “Oğuz” komandası müxtəlif müsabiqələrdə II və III yerlərə, “Həkəri” komandası iki müsabiqə üzrə III yerə layiq görülüb.

Bakı Ali Neft Məktəbi "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə Azərbaycan ali təhsil müəssisələri arasında ən çox təmsil olunan, finala yüksələn və mükafat alan ali təhsil ocağıdır. “Teknofest”ə müraciət edən BANM-in 33 komandasının 15-i bu müsabiqəyə layihə təqdim edib. Finala bu nominasiya üzrə yüksələn 10 komandanın 8-i BANM-i təmsil edən komandalar olub. Bu isə Azərbaycan universitetləri arasında yalnız Bakı Ali Neft Məktəbinə aid göstəricidir.