08 iyul 2022 16:26
1625

«Azəristiliktəchizat»ın borcunu ödəməməsi «Azəriqaz»a hansı problemləri yaradır? - FOTO

İyulun 8-də  SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin baş direktoru Ruslan Əliyevin moderatorluğu və qurumun şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə Birliyin 2022-ci ilin yanvar- iyun  aylarına dair iqtisadi göstəriciləri  jurnalistlərin diqqətinə çatdırılıb. Bildirilib ki, altı  ay ərzində «Azəriqaz» İstehsalat Birliyi 4 milyard 509 milyon kubmetr təbii qaz qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 329 milyon kubmetr va yaxud 7,9 faiz çoxdur.

Baş direktor son altı ay ərzində təbii qazın itkisi barədə məlumat verərək bildirib ki, qaz şəbəkəsi üzrə itkilərin həcmi 80 milyon kubmetr azalıb: «Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz az itki deməkdir. Bununla yanaşı, yanvar-iyun aylarında istehlak edilmiş təbii qaz üzrə ödəniş səviyyəsi 105 faizə yaxın olub. 2022-ci ilin ilk altı ayında biz rekord yığım səviyyəsi əldə etdik. Ona görə də ötən günlərdə belə yüksək yığım göstəricisinə görə sosial şəbəkə üzərindən abonentlərə minnətdarlığımı da ifadə etdim.»

Ruslan Əliyev bildirib ki, iyul ayının 1-i məlumatına görə, «Azəriqaz» üzrə ümumi abonentlərin sayı 2 470 256  olub: «Son 6 ay ərzində 27 917 yeni abonent qeydə alınıb, onlardan 26 696-sı əhali, 1 221-i isə qeyri-əhali abonentdir. Altı ay ərzində əhali qrupu üzrə abonentlərin 71, 3 faizi (1 734 000 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib. İyulun 1-nə olan məlumata görə, əhali üzrə istismarda olan sayğacların sayı  2 432 156 ədəddir. Onların  62,1 faizi mexaniki, 38 faizi isə smart-kart tiplidir.»

Tədbirdə «Azəriqaz» İB tərəfindən ölkədə fəaliyyət göstərən 371 məscid və digər dini məbədlərə qaz verilməsi barədə məlumat diqqətə çatdırılıb.  Bildirilib ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 vahid və yaxud 12,4 faiz  çoxdur. Qeyd edək ki, ölkəmizdə hər bir dini məbəd dövlətdən ildə 5 min kubmetr ödənişsiz təbii qaz alır.

Ruslan Əliyev xüsusi vurğulayıb ki, «Azəristiliktəchizat» ASC-nin «Azəriqaz» İstehsalat Birliyinə bu il üzrə mövsümi borcu 20 milyon manat üzərindədir : «Əgər bu təşkilat borcunu vaxtında ödəsəydi bizim yığım səviyyəmiz 105 faiz deyil, 110 faiz ola bilərdi. Yay aylarında təbii qazın satışı azaldığı üçün işçilərin əməkhaqlarını ödəmək, təmir-tikinti və qazlaşma işlərinin həcmini genişləndirmək istiqamətində əziyyət çəkirik. Ona görə də biz «Azəristiliktəchizat»a borcunu ödəməsi üçün dəfələrlə müraciət etmişik.»

Baş direktor onu da bildirib ki, 300-dən artıq qazpaylayıcı  stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən «Azəriqaz»ın tabeçiliyinə verilir: «Bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və artıq təhvil-təslim işlərinə, işçilərin yerləşdirilməsi prosesinə başlanılıb. Ona görə də bizə daha çox pul lazımdır ki, həm yeni işçilərin əmək haqlarını ödəyə bilək, həm də təmir-tikinti  işlərini vaxtında başa çatdıraq. Bu səbəbdən çalışırıq ki, yaranmış əlavə xərclərimizi debitor borclarımızı yığmaqla ödəyək.»

Elçin Zaman, «İki sahil»