05 avqust 2022 15:35
1041

"Azəriqaz"dan tövsiyə: Təmir gedən mənzillərin qaz təchizatı dayandırılsın

Bu, abonentlərin təhlükəsizliyi üçün lazımdır

Avqustun 5-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

 «Azəriqaz» İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, ötən günlərdə Xırdalan şəhərindəki beşmərtəbəli yaşayış binasındakı partlayış mənzilə qaz sızmasından baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb: «İki nəfər yanıq xəsarəti alıb, 1 nəfər tüstüdən boğulub, daha 1 nəfər travmatik xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onlardan yalnız birinin vəziyyəti stabil orta ağırdır.»

Şöbə müdirinin sözlərinə görə, qəzanın günahkarları mənzil sahibləridir: «Onlar mənzillərində təmir işləri həyata keçirdikləri müddətdə  «Azəriqaz»ın yerli strukturlarına müraciət edərək qaz təchizatının dayandırılmasına nail olmalıdırlar ki, belə bədbəxt hadisələr baş verməsin. Xırdalandakı beşmərtəbəli binanın qəza baş verən mənzilində təmir ustaları qaz xəttini bilmədən açıq qoyduqları üçün qəza qaçılmaz olub. Ona görə də biz dəfələrlə bildirmişik ki, mənzil təmiri zamanı qaz təchizatının dayandırılması üçün rəsmi müraciət edin ki, təhlükəsizliyiniz  təmin olunsun.»

Birliyin şöbə rəisinin müavini İlham Mehbalıyev tədbirdə bildirib ki,  2022-ci ildə ölkənin qaz təsərrüfatında 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub: «Hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır. Bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın. Lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ilə keçirilsin. Belə ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən boru təminatında çətinliklər yaranıb ki, bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir.»

Onun sözlərinə görə, qazlaşma proqramına uyğun olaraq 25 meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulub. Belə ki, artıq  «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 2023-cü ilin proqramı üzrə də təkliflər hazırlanaraq SOCAR-a təqdim olunub ki, bu proqram üzrə də meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulur: «Ölkə üzrə 900-dən çox qazlaşdırılmayan məntəqələr var ki, onlardan 426-sı meşəətrafı kəndlərdir. 426 kənddən 260-ı səmərəsiz kimi qiymətləndirilir və onların qazlaşdırılmasına sonda baxılacaq. Çünki bu kəndlərdə 7-8 abonent var. Elə kəndlər var ki, ora 40 kilometr daşıyıcı xətlər çəkilməlidir. Hazırda belə kəndlərin digər alternativ enerji ilə təmin olunması müzakirə olunur.»

Elçin Zaman, «İki sahil»