20 oktyabr 2026 16:54
191

Zəngilan şəhəri günü Zəfərin və quruculuğun simvoludur

20 Oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı Qələbə salnaməsinin parlaq səhifələrindən biri kimi həkk olunub. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Vətən müharibəsi gedişində Zəngilan şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Otuz ilə yaxın həsrətlə gözlənilən bu gün Zəngilanın tarixində yeni mərhələnin başlanğıcı oldu və sonradan şəhərin adına bağlı xüsusi bayram kimi qeyd olunmağa başladı. Hər il bu tarixdə nəinki zəngilanlılar, bütün Azərbaycan xalqı Vətən torpağının bir parçasına qovuşmanın sevincini yaşayır, şəhidlərimizin əziz xatirəsini yad edir, qazilərimizə dərin minnətdarlığını bildirir.

Zəngilan rayonu Azərbaycanın cənub-qərb hissəsində, Kiçik Qafqazın cənub yamaclarında, Zəngəzur dağlarının ətəyində yerləşir. Ərazisi təxminən 707 kvadratkilometrdir. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası ilə Araz çayı boyunca, qərbdən isə Ermənistanın Meğri bölgəsi ilə həmsərhəddir; ərazisinin müəyyən hissəsi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna da yaxındır. Relyefi dağlıq, dağətəyi və düzənlik zonalarının qovuşuğundan ibarətdir. Bərgüşad silsiləsinin yamacları rayonun şimal-qərbində ucalır, cənubda isə Araz boyunca məhsuldar ovalıqlar uzanır. Həkəri, Bərgüşad və Oxçu çayları ərazini kəsib keçərək Araza tökülür və torpağı həyat verən nəmliklə təmin edir. İqlimi mülayim-isti, yarımsəhra və quru çöl xüsusiyyətlidir; qışı yumşaq, yayı isə quraq keçir. Meşələri, dağ-çəmən örtüyü və Bəsitçay Dövlət Təbiət Qoruğunun məşhur şərq çinar meşəsi bu diyarın təbii sərvətləri sırasındadır. Zəngilan həm də strateji baxımdan mühüm mövqedə yerləşir, çünki Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən keçən nəqliyyat marşrutları məhz bu torpaqlardan başlayır.

1993-cü il oktyabrın 29-da Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Otuz ilə yaxın müddətdə şəhər və kəndlər dağıdıldı, talan edildi, minlərlə insan doğma yurdundan didərgin düşdü. İşğal dövründə rayonun maddi-mədəniyyət irsinə ağır zərbə vuruldu. Ermənilər yalnız evləri, məktəbləri, xəstəxanaları, infrastruktur obyektlərini deyil, xalqımızın ruhani dəyərlərini, tarixi yaddaşını əks etdirən abidələri də məqsədli şəkildə məhv etdilər. Bu vandalizm siyasəti Azərbaycan xalqının tarixi köklərini silmək, torpaqlarımızda yaşadığımızı sübut edən izləri yox etmək niyyətindən qaynaqlanırdı. Yüzillər boyu müqəddəs sayılan ocaqlar, türbələr, pirlər, günbəzlər ya tamamilə dağıdıldı, ya da baxımsızlıq üzündən xarabalığa çevrildi, bəziləri isə təsərrüfat məqsədləri üçün istifadə olunaraq təhqirə məruz qaldı.

Dağıdılmış və təhrif edilmiş abidələrin sırasında Məmmədbəyli kəndindəki XIV əsrə aid Səkkizguşəli türbə xüsusi yer tutur. Orta əsr memarlığının dəyərli nümunəsi olan bu türbə ilə yanaşı, həmin kənddəki Məmməd bəyin türbəsi də işğal illərində ziyan gördü. Ağkənd kəndindəki Ziya Baba ocağı, Bartaz kəndindəki Xanazur türbəsi, Bartaz yaxınlığındakı Xanazor piri və Bartaz dağındakı Soltan Heydər piri insanların əsrlərlə ürək rahatlığı tapdığı məkanlar idi. Günqışlaq kəndindəki Günqışlaq piri, Hacıllı kəndindəki İzzə piri və Hacallı (Hacıallı) günbəzi, Leyfaz kəndindəki Buqakar piri, Məlikli kəndindəki Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis kəndindəki Veysin piri, Sobu kəndindəki Seyid Musa ocağı, Şəfibəyli kəndindəki Qaradağlı piri də yerli əhalinin dərin etiqadla ziyarət etdiyi müqəddəs yerlər kimi tanınırdı. Vejnəli kəndindəki Yal piri və Yel piri, Yeməzli kəndindəki Soltan ocağı və Şəhid Məhəmməd yeri, nəhayət, Zəngilan şəhərindəki Dəvəcüneyt piri də işğal nəticəsində ziyarətdən məhrum oldu, xeyli hissəsi isə dağıntıya məruz qaldı. Bu siyahı sadəcə abidələrin adlarından ibarət deyil; hər biri xalqın inanc dünyasının, mənəvi dayaqlarının, nəsillərdən-nəsillərə ötürülən adət-ənənələrin canlı şahididir. Azadlıqdan sonra həmin ərazilərdə aparılan araşdırmalar, vəziyyətin qeydə alınması və bərpa işləri bu irsin yenidən qorunması istiqamətində atılmış mühüm addımlardır.

Zəngilanın azad olunması Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin misilsiz şücaəti sayəsində mümkün oldu. Bu qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Medal döyüş əməliyyatlarında fərqlənmiş hərbi qulluqçulara, şəhər və rayonun azad edilməsində xidməti olanlara təqdim olunur və hər bir müdafiəçi üçün Vətənə sədaqətin, qələbə yolunda göstərilən fədakarlığın simvoludur. Onu döşündə gəzdirən hər kəs yalnız şəxsi şücaətinin deyil, bütün xalqın ortaq arzusunun gerçəkləşməsinin daşıyıcısıdır.

Azad olunmuş Zəngilan bu gün yenidən qurulur. Dağıntılar içərisində qalmış şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yollar çəkilir, elektrik və su təchizatı sistemləri yaradılır, yaşayış massivləri, sosial obyektlər inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, mühüm avtomobil yollarının salınması bölgənin Azərbaycanın digər hissələri ilə əlaqəsini möhkəmləndirdi. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri müasir infrastrukturu ilə seçilir, doğma yurda qayıdan ailələrə tam təminatlı mühit təqdim edir. Eyni zamanda, Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Bu layihə məhsuldar torpaqlardan səmərəli istifadəni, müasir suvarma və becərmə texnologiyalarının tətbiqini, yerli əhalinin məşğulluğunun təmin olunmasını və regionun ərzaq təhlükəsizliyinə töhfə verilməsini nəzərdə tutur. Araz boyunca uzanan münbit ərazilər bağçılıq, taxılçılıq və tərəvəzçilik üçün böyük imkanlar açır, işğaldan azad edilmiş bölgənin iqtisadi dirçəlişinin əsasını təşkil edir.

Bu quruculuq prosesi dövlət başçısının davamlı diqqəti və şəxsi nəzarəti altındadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Zəngilana dəfələrlə səfər edib, görülən işlərlə yerindəcə tanış olub, yeni layihələrin təməlini qoyub, açılışlarda iştirak edib. 2024-cü il oktyabrın 3-də dövlət başçısı “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi, beşinci və altıncı yaşayış komplekslərinin təməlini qoydu, 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu, Zəngilan İstirahət Kompleksində aparılan işlərə baxdı və “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak etdi. 2025-ci il oktyabrın 28-də Prezident Zəngilanın Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarını etdi, hər iki kəndin sakinlərinə mənzillərin açarlarını təqdim etdi, Zəngilan şəhərindəki 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış oldu. 2026-cı il mayın 10-da isə şəhərdə inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı baş tutdu, dövlət başçısı həmin binaya köçən ailələrlə görüşdü və “Zangilan City Park Hotel”in təməlqoyma mərasimində iştirak etdi. Bu səfərlərin hər biri Zəngilanın xarabalıqlardan müasir şəhərə çevrilməsi yolunda atılan növbəti addım, həm də Böyük Qayıdışın uğurla davam etdiyinin təsdiqidir.

Beləliklə, 20 Oktyabr Zəngilan şəhəri günü yalnız bir şəhərin bayramı deyil, ədalətin bərpasının, tarixi yaddaşın qorunmasının və xalqımızın iradəsinin təntənəsidir. Dağıdılmış türbələr və pirlər bir gün yenidən öz ehtişamına qovuşacaq, doğma yurda dönən insanlar nəsillərin ənənəsini davam etdirəcək. Zəngilan bu gün yeniləşən simasıyla Azərbaycanın gələcəyə baxan, qürurla inkişaf edən bölgələrindən birinə çevrilməkdədir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qələbəmizin memarı Ali Baş Komandana, qəhrəman ordumuza və bu torpaqları yenidən həyata qaytaran hər kəsə minnətdarlıq hissi ilə bu bayramı təbrik edirik.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi