"Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. 44 gündə tarix yazan Azərbaycan Ordusu 28 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi. Bəyan edildi ki, Ermənistanda revanşist qüvvələr «dəmir yumruğun» yerində olduğunu unutmasınlar". Avqustun 12-də Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində bildirdiyi kimi, «Qisas» əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov «İki sahil»ə açıqlmasında bildirib.
K.Bayramov qeyd edib ki, xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dövlət başçısınn qeyd etdiyi kimi, «Qisas» əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir.
Deputat sonda əlavə edib ki, bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, sülh prosesini uzatmamalıdır.
Şəmsiyyə Əliqızı, «İki sahil»