Tarixdə helə cinayətlər var ki, onlar illər keçsə də unudulmurlar. Bu cinayətlərdən bəzilərini sizə təqdim edirik.
“Mona Liza”nın oğurluğu
1911-ci ildə “Mona Liza” Luvr muzeyindən oğurlanıb. Hamı “Mona Liza”nın məhv edildiyini düşünsə də, əsər 3 il sonra İtaliyada tapılıb. Vinçenzo Perugi onu satmağa cəhd edərkən yaxalanıb. “Mono Liza” muzeyə qaytarılıb.
Əsrin oğurluğu
2021-ci ildə Pikassonun Yunanıstanda oğurlanan “Bir qadının başı” tablosu 9 ildən sonra nəhayət ki, tapılıb.
Kerateya şəhərindəki anbardan bu əsərdən əlavə Pit Mondrianın “Yel dəyirmanı” tablosu da aşkarlanıb. 49 yaşlı Yunanıstan vətəndaşı oğurluqda şübhəli bilinərək həbs olunub. Əsərlərin yerini də elə ozü göstərib. Saxlanılan şəxs əsərləri “qara bazar”da satmaq üçün xaricə aparmaq istəyən cinayətkar qrupun üzvü olub.
Qeyd edək ki, “Bir qadının başı” əsəri 1939-cu ildə çəkilib, onun 20 milyon avro dəyərində olduğu düşünülür.
Kətanın arxa hissəsində müəllifin Yunanıstan xalqına nasizmlə mübarizəsi ilə əlaqədar verdiyi töhfəyə görə əl yazısı ilə yazılmış ithafı var. Rəssam 1949-cu ildə əsəri Afinadakı Milli Qalereyaya bağışlayıb.
“Yel dəyirmanı” 1908-ci ildə Pit Mondrian tərəfindən çəkilib. Əsər 1963-cü ildə Yunan kolleksioneri Aleksandros Pappas tərəfindən alınıb və Milli Qalereyaya bağışlanıb.
Hər iki əsər 2012-ci ildə Afina Milli Qalereyasından oğurlanıb. Bu cinayətə “əsrin oğurluğu” adı verilib.
Fırıldaqçı bankir
İngiltərənin depozit bankı “Barings”in müştəriləri siyahısında hətta kraliça da olub. XX əsrin sonunda “Barings” əzmli və yeni işçilər alacağını bildirib. İşləmək üçün müraciət edənlərdən biri də Nik Lison olub. Qısa vaxtda uğur qazanaraq Sinqapurdakı şöbənin müdiri olan Lison daha sonra bankın kompyuter sistemindəki bəzi məxfi məlumatları oğurlayıb. “Nikkie” birjasına daxil olan Lison təkcə özünün yox, bütün bankın büdcəsini ora yatırıb. Çox keçməmiş birja alt-üst olub və bank batıb. “Barings” Holland şirkəti tərəfindən alınıb, Lisona isə 6,5 il həbs verilib. Hazırda o azadlıqdadır və futbol komandalarının birində baş məşqçi işləyir.
Qızcığazın amansız qətli
6 yaşında dəfələrlə gözəllik müsabiqəsinin qalibi olan Con Benet Remsi 1996-cı ilin 26 dekabrında yoxa çıxıb. Anası evdə qızının həyatı üçün 118 min dollar pul istənilən bir məktub tapıb. 8 saatdan sonra Remsinin atası evin alt qatında qızının cəsədini tapıb. Başındakı iri çatlaq onun sərt alətlə qətlə yetirildiyinin sübutu idi. Meyityarmadan sonra onun boğulduğu və təcavüzə uğradığı da ortaya çıxıb. Uşağın qatili, keçmiş müəllim Con Mark Kerr 10 il sonra tapılıb.
Versaçenin qətli
Məşhur dizayner Canni Versaçe 16 iyul 1997-ci ildə Mayamidəki evinin qarşısında filippinli homoseksual Endryu Cunanan tərəfindən öldürülüb. Polisin onu tapacağını anlayan Cunanan intihar edib. Cinayətkar Versaçedən başqa 4 homoseksualı da öldürübmüş.
Üstü açılmayan cinayət
15 yanvar 1947-ci ildə belindən iki yerə bölünmüş qadın cəsədi tapılıb. 22 yaşlı kaliforniyalı gənc qızın üzünün bəzi hissələri də oyulmuş olub. Aktrisa olmaq istəyən Şort məqsədinə çata bilmədiyi üçün ofisiant işləməyə başlayıb. Qız Amerika Hava Qüvvələrində xidmət edən bir gənclə nişanlanıb, ancaq qızın nişanlısı 1945-ci ildə həlak olub. Uzun illər bu cinayət araşdırılsa da, heç bir nəticə əldə olunmayıb. Gənc qızın ölümü bir çox kitablar və filmlərin ilham mənbəyi olub.
100 milyon dollarlıq brilyant oğurluğu
Bu hadisə Belçikanın Antwerp şəhərində yerləşən dünyanın ən inanılmaz dərəcədə etibarlı və müdafiə olunmuş mərkəzlərindən birində baş verib. Bu, tarixdəki ən böyük oğurluqdur. Belə ki, almaz mərkəzində saxlanan nadir brilyant 100 milyon fərqli kombinasiyası olan kilidlə yanaşı istilik, hərəkət sensorları, radar, maqnit sahəsi ilə qorunurdu.Lakin 2003-cü ilin fevral ayında bir həftə sonu məşhur oğru Daniel Oşenin həsəd apardığı metodlardan istifadə edərək bir dəstədən ibarət cinayətkarlar bura daxil olaraq həmin seyfi açaraq brilyantı oğurladılar. Qrup lideri olduğu iddia edilən Leonardo Notarbartolo tutularaq 10 il həbs cəzasına məhkum edilsə də, qısa müddətdə şərti olaraq sərbəst buraxıldı.
Klounun edam olunması
XX əsrin ən qorxulu cinayətlərindən biri kloun Con Veyn Qeys tərəfindən törədilmişdi. Con Veyn Qeys kloun qiyafəsinə girərək uzun müddət qonşu uşaqlarını əyləndirib. Daha sonra qonşular ondan polisə şikayət ediblər. Sən demə, o balaca uşaqlara təcavüz edib . Şikayət öz təsdiqini 1978-ci ildə tapıb. Qeysin evində, bağça və qarajında axtarış keçirən polis 28 oğlanın meyitini tapıb. O, 4 cəsədi də çaya atdığını etiraf edir. Hər şeyiboynuna alan Qeys edam edilib.
Körpə uşağın qətli
1932-ci ildə Atlantik okeanını tək keçən ilk amerikan pilot Çarlz Lindberqin 20 aylıq oğlu qaçırılıb. Aylarla aparılan araşdırmalardan sonra uşaq sərt alətlə döyülərək öldürülmüş halda tapılıb. Cinayətlə bağlı iki nəfər edam olunub.
Soyğunçunun qaçırılması
Məşhur jurnalist Uilyam Randolfun nəvəsi Patrisiya Herst 2 fevral 1974-cü ildə 19 yaşında qaçırılıb. Qaçıranların inqilabi sol təşkilatı olduğu ortaya çıxıb. Gənc qızın, qaçırılmağından iki ay sonra bank soyğununda iştirak etdiyi məlum olub. Hətta təşkilat Herstin atasından Kaliforniyadakı bütün acları doyuzdurmağı əmr edib. Herst təşkilatdan çıxar-çıxmaz tutulub və 22 ay həbsdə yatıb.
Fırıldaqçı antropoloq
Antropoloq Çarlz Dauson 1912-ci ildə insan və meymun arasındakı keçidin sübutu olan kəllə sümüyü tapdığını iddia edib. Bu kəllə 40 ildən çox təkamül nəzəriyyəsinin əsas dayağı sayılıb. Ancaq 1953-cü ildə aparılan araşdırmalar kəllənin saxta olduğunu müəyyən edib.
Əkiz qardaşların cinayəti
25 fevral 2009-cu ildə üç maskalı soyğunçu Avropanın ən böyük mağazalarından biri olan "Kaufhaus Des Westens"ə girdi.Onlar bir ip nərdivanı vasitəsi ilə siqnalizasiyanı söndürmədən, "Kaufhaus Des Westens"mağazasının əsas mərtəbəsini yardılar. Təəssüf ki,etdikləri cinayətdən sonra oğrular əlcəklərinin birini orada unutdular. Araşdırmalar nəticəsində müəyyən oldu ki,əlcəkdə tapılan barmaq izləri əkiz qardaşlar Həsən və Abbasa aiddir. Lakin alman qanunlarına görə, hər bir şəxs ayrı-ayrılıqda mühakimə edilə bilər və qardaşların DNT-ləri inanılmaz dərəcədə oxşar olduğundan, səlahiyyətlilər onları bir-birindən ayıra bilməyib. Nəticədə, Alman polisi ikisini də sərbəst buraxmaq məcburiyyətində qalıb, üçüncü soyğunçu isə hələ də tapılmayıb.
Min il həbs cəzası alan hanibal
XX əsrin ən amansız cinayətlərindən biri də Cefri Dahmerin adı ilə bağlıdır. O, azı 17 yeniyetmə oğlan və qızları evinə gəlməyə razı salaraq öldürüb. Cəsədləri parçalayaraq qablara dolduran Dahmer sonra onları yemiş, kəllə sümüklərini isə xatirə olaraq saxlayıb. 22 iyul 1991-ci ildə tutulan cinayətkara min il həbs cəzası verilib. Üzərindən 3 il keçməmiş həbsxana yoldaşı tərəfindən öldürülüb.
Samirə Tağıyeva, “İki sahil”