KÖŞƏ

Vəli İlyasov

Qüvvələr nisbəti Ermənistanın ziyanına 0:100-dür

19 avqust 2022 00:44
939

Rusiya asi düşən Ermənistana 200 ildə ilk notasını verdi

Son günlər Ermənistanda ardıcıl baş verən həyəcanlı hadisələrdən sonra Rusiya ilə Ermənistan arasında onsuz da "isti" olmayan münasibətlərdə daha da "buzlaşma" gedib. İş o yerə çatıb ki, Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Buna səbəb “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır. “Ermənistan mediasında İrəvandakı “Sürməli” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı. Aydındır ki, notanın hazır mətni Moskvadan göndərilib. İrəvandakı ticarət mərkəzindəki partlayışın Rusiya ilə əlaqələndirilməsi təbii kii, Kremldəkiləri qəzəbləndirib. Notada buna müəyyən işarələr də var.

Ermənistan mətbuatında məlumat verilir ki, "Sürməli" də 16 nəfər ölüb, 62 nəfər müxtəlif xəsarətlər alıb. Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən, metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Ermənilər öz ölkələrində rusların sərbəst hərəkətlərini qısqanclıqla qarşılayırlar. Hətt bəziləri onları düşmən sayır.

Notada deyilir ki, "Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik."

Təbii ki, belə ciddi etiraza ciddi səbəblər var. Ən azı Ermənistan kimin hesabına mövcudluğunu unutmamalıdır. Ancaq Ermənistan 44 günlük müharibədə məğlub olandan sonra İrəvanda "mərkəzdənqaçma " meyilləri xeyli güclənib. Ermənilər bu məğlubiyyətin səbəbini özlərindən daha çox müttəfiqində axtarır və onu günahlandırır. Əvvəllər İrəvanda keçirilən bir neçə kütləvi aksiyada Rusiya əleyhinə şüarlar səsləndirilib, bu ölkənin bayrağı tapdalanıb təhqir olunub, yandırılıb və prezident Vladimir Putin haqqında hörmətsiz ifadələr işlədilib. Həm də bunu edənlər sadə ermənilər deyil, cəmiyyətin  "ağıllı" adamlarıdır, yəni, siyasətlə məşğul olanlar, politoloqlar, vəzifəli şəxslər, iqtidara gəlmək istəyənlərdir. Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada Rusiyaya qarşı belə iddialarla çıxış etmişdi. Qrupun üzvləri əvvəllər də anti-Rusiya meyillərini nümayiş etdirməkdən çəkinmirdilər. İndi Rusiya əleyhinə haray-həşir qoparan "ansambl"ın "dirijor"u yenə həmin "Sasna Tsrer"dir.

Bu ərəfədə Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə məlumat yayılıb. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib. Nazirlik rəsmisi bildirib ki, sərnişinlərlə işçilər hava limanından və dəmiryol vağzalından təxliyyə edilib, istehkamçılar və kinoloqlar ərazidə iş aparır. Qeyd olunub ki, iki gün müddətində Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb. Bununla bərabər daha bir ağır hadisədə Rusiyanın adı yenə də hallandırılır. Ancaq bu, hələ hamısı deyil.

Erməni siyasi şərhçi Tevos Arşakyan deyib ki, Xankəndi-Əsgəran yolunda baş verən qəzada 4 nəfər erməni ölmüşdü, indi gizlədilən faktlar üzə çıxır: “Bütün qurumlar “Cip”in sürücüsünü gizlətməyə başladı. Hadisə şahidlərinin sözlərinə əsasən, sülhməramlılara məxsus qara “Cip”in sükanı arxasında sərxoş vəziyyətdə olan yüksək rütbəli (polkovnik olduğu deyilir) rus hərbçi oturbmuş. Məhz bu səbəbdən müvafiq qurumlar hadisəni ört-basdır etməyə çalışıblar.

Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlıların fəaliyyəti ilə bağlı yerləşdirilən bülletenlərdə heç bir şey baş verməmiş kimi hadisə barədə bir dənə də olsun qeyd olmadı. Hadisə ilə bağlı heç erməni tərəfi də danışmadı. Tam sükut... Hazırda hegemonluq edən ruslar nə qədər adam öldürsələr, cəzasız qalacaqlar? Bu, nə vaxta qədər belə davam edəcək? Faktlarımız əlimizdə ola-ola bu rus hərbçisini nədən məhkəmə qarşısına çıxara bilmirik? Bu da illər öncə Gümrüdə bir ailənin bütün üzvlərini vəhşicəsinə öldürən rus əsgərinin taleyi kimi olacaq? Onu da Moskva Ermənistandan qaçıra bilmişdi axı...”

Göründüyü kimi, Ermənistanda Rusiya əleyhinə çalışanlar siyasi mühiti daha da gərginləşdirməyə, qütbləşmə yaratmağa cəhd edirlər. Ancaq bu gərginlikdən yenə də ermənilər zərərlə çıxacaqlar. Qüvvələr nisbəti Ermənistanın ziyanına 0 : 100- dür. Əvvəla, Ermənistan bir dövlət kimi qondarılmasını və 200 il  mövcudluğunu Rusiyaya borcludur. İkincisi, hazırda məğlub durumda olan, silahlı qüvvələrinin 30 faizini itirən zəif Ermənistanın ağılsız hərəkəti onu dövlətçilikdən məhrum edə bilər. O dövlətçilikdən ki, yüz illər boyu həsrətində olublar. Ermənistan bir qurama dövlət kimi o qədər zəifdir ki,  əl tərpətməmiş məhv olacaqları şübhəsizdir. Yaddan çıxarmamalıdırlar ki, Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanın başı üzərində Damokl qılıncı kimi asılıb.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?