19 avqust 2022 11:01
578

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

18   avqust   2022-ci il tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov,  Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının əməkdaşları  Məhəmməd Heydərli, Rafiq Məmmədov, Şəhid anası Simuzər Bağıyeva, Şəhid ailələri Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına Şəhid olmuş Ömərov Elvin Xeybər oğlunun doğum günü ilə əlaqədar  rayonunun  Qarasu   kəndində  şəhidin məzarını  ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və  xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.

Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov,  YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Məhəmməd Heydərli bildirdilər  ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü  qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun  gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi. Onlar Şəhid Ömərov Elvin Xeybər oğlunun  keçdiyi   şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən  söhbət açmışlar.

Daha sonra tədbir iştirakçıları  şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, Ömərov Elvin Xeybər   oğlu – 1991-ci il avqustun 18-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi,  şəxsi igidlik   və şücaət  nümayiş etdirdiyi  üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Elvin Ömərov  "Vətən uğrunda",    "Xocavəndin azad olunmasına görə" ,  "Füzulinin azad olunmasına görə" və  “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu Vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!