19 sentyabr 2022 18:00
1761

İnanılmazdır, amma faktdır! - FOTO

Gözəl planetimizdə bi çox qeyri-adi mağaralar mövcuddur. Belə qəribə yerlər insanlara sirli olmaqla yanaşı, qəribə, hətta qorxunc gələ bilər. Nəfəs kəsən mənzərələri, rənglərin parlaqlığı və nəhəng formalarının şiddəti ilə seçilən bu mağaraların bəzilərini sizə təqdim edirik.

Şondonq mağarası

Şondonq mağarası Vyetnamda yerləşən və dünyanın ən böyük mağarasıdır. 1991-ci ildə yerli əhali tərəfindən kəşf olunmuş bu mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Mağaranın daxilində yerləşən çaydan gələn su axınının  səsi girişdə çox böyük gurultu yaradır və bu mağaranın vahiməli olmasına səbəb olur. Buna görə də mağara bir qrup ingilis speleoloqları tərəfindən yalnız 2009-cu ildə  aşkar olunub. Onlar yalnız  mağaranın  dörd kilometrlik hissəsini araşdıra biliblər.

Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub.  Speleoloqların sözlərinə görə, bura 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Girişi çox böyük olmadığından burada güclü hava axını müşahidə olunur. İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur. Mağara yetərincə qədim olan bu mağarada müxtəlif  bitkilər mövcuddur. Mağara 2013-cü ildən başlayaraq turistlər üçün açıqdır.

Vatnajokul buz mağaraları

İslandiyanın cənubi-şərqində yerləşən bu mağaralar inanılmaz görüntüsü ilə insanları heyrətləndirir. Buzlardan ibarət dişlərə bənzəyən parçalar fərqli rənglər alaraq insanların marağını cəlb edir. Hər il əriyib, dəyişilən bu mağaralar fərqli yerlərdə əmələ gələrək turistlərin zövqünü oxşayır.

“Qarğalar mağarası”

 “Qarğalar mağarası” 1960-ci ildə tapıntılar nəticəsində ortaya çıxmışdır və uzun illər boyu tanınmış alimlərin maraq obyektinə çevrilmişdir.

"Qarğalar  mağarası” 2001-ci ildə dünyanın ən dərin mağarası seçildi. Onun dərinliyi 2196 metrdir. Mağara Abxaziyada, Arabika dağlarında yerləşir. Nəhəng mağaranın keçidlərini böyük bir zindan birləşdirir və bu zindan da müxtəlif gözəl göllərdən ibarətdir. Burada yaşayan canlılar ultrasəs titrəyişləri qəbul edib, onları hiss edə bilirlər (əsasən yarasalara aiddir).

Qeyd edək ki, bu mağarada  300 metrdən çox dərinlikdə əvvəllər heç yerdə olmayan  bəzi saxta əqrəblər, parazit qurdlar və şəffaf balıqlar aşkar olundu.Onlar burada təxminən sıfır dərəcə su temperaturunda yaşayırlar.

Yerküpə mağarası

Türkiyənin Kavaklıdərə şəhərinin Məntəşə qəsəbəsinin Başpınar yaylağında yerləşən "təbii soyuducu" adlandırılan "Yerküpə mağarası" dünyanın qeyri-adi mağaraları sırasında qərarlaşır.  Yay aylarında ətraf ərazilərdə istilik 38 dərəcə olduqda mağarada maksimum beş dərəcə istilik müşahidə edilir. Tarixi yaşı qədimlərə gedib çıxan mağaradan çobanlar hələ qədim dövrdə ərzaq yerləşdirmək üçün istifadə ediblər. Ətrafı yeddi yüz il tarixi yaşı olan çinar və söyüd ağacları ilə əhatələnmiş bu mağara minlərlə xarici və yerli turistin marağına səbəb olub. Bu il mağaranı ümumilikdə 10 min turist ziyarət edib. Ümumi uzunluğu 110 metr olan mağarada müxtəlif dərə və yarğanlar olduğu üçün, işıqlandırma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, əvvəllər yaylaqda olan heyvanların sərinlənmə yeri kimi istifadə olunan mağara, hazırda dövlət tərəfindən  turizm məkanı kimi qorunur.

Balıqqulağı mağarası

Balıqqulağı ilə bəzədilmiş bu mağara Böyük Britaniyanın  ən böyük sirlərindən biridir. Bu mağaranı kimin nə zaman nə məqsədlə yaratdığı bəlli deyil. Çox maraqlıdır ki, mağaranın içərisini  təxminən  5 milyon balıqqulağı bənzəyir. Deyilənlərə  görə bu mağara  cadugərlərin məskəni olub. Mağara tamamilə təsadüfən aşkarlanıb. Bir yerli sakin ördəklər üçün gölməçə qazarkən belə bir mağara aşkarlayır.

Musiqi ifa edən mağara

ABŞ-ın Virciniya ştatında qəribə bir mağara mövcuddur. Musiqi çalan mağara adlanan bu yerdə dayanmadan musiqi səsi gəlir. Çox maraqlıdır ki, həmin mağarada orqan var. Lakin bu musiqili alətinin kim tərəfindən bura gətirildiyi hələ də bilinmir.Turistlərin diqqətini çəkən bu məkanda  musiqili aləti  trubalar əvəzinə daşdan süzülən damcılar müşayiət edir.

Kristallar mağarası

“Cueva de los Cristalesin” adlı bu mağara Meksika səhrasında 300 metr dərinlikdə yerləşir. Nəhəng kristalları ilə diqqətçəkən bu məkan yalnız 2000-ci ildə aşkarlanıb.

Çal mağarası

Trabzonun Düzköy qəsəbəsində dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən Çal mağarası dünyanın ən uzun ikinci mağarasıdır.

Ətrafındakı təbii gözəllikləri və içindəki stalaqmitləri ilə diqqəti çəkən mağara təxminən 14 ildir ki, yerli turizmin əhəmiyyətli nöqtələrindən biridir.

 Üstündə qala yerləşən və içindən çay keçən  mağaraya təxminən 200 metrlik taxta pilləkənlə qalxmaq olur.  Sonra yol iki hissəyə ayrılır. Sol hissədə 150 metrlik məsafədən sonra əhəngdaşı üzərində oval şəkilli çuxurdan gələn suyun axdığı baca görünür.  Mağaranın təxminən 400 metrlik yolu olan sağ qolunun 60 metrlik hissəsində göl və şəlalə fərqli bir gözəllik yaradır.

Mağaranın içərisindən keçən çayın dibi mövsümə görə dəyişməkdədir. Yağışlı mövsümlərdə mağaranın içindəki suyun dərinliyi 1,5 metrə yüksəlir, yay aylarında suyun səviyyəsi 25 santimetrə qədər düşür.
 
 Astma və haymorit xəstəlikləri  müalicə üçün tez-tez bu mağaraya üz tuturlar.  Qeyd edək ki, il boyu  təxminən 25 min yerli və xarici  turistin səfər etdiyi mağaranın təxminən 1 kilometrlik hissəsini gəzmək mümkündür.

Sualtı mağara

"Ordinskaya" mağarası Rusiyada yerləşir  və dünyada ən uzun sualtı mağarası kimi tanınmaqdadır.Uzunluğu demək olar ki, 5 kilometrdir. Mağaradakı su o qədər təmiz və şəffafdır ki, suya daxil olan   dalğıclar 45 metrə qədər məsafəni görə bilərlər.

Lakin qeyd edək ki, Ordinskaya mağarası turistlərin  gəzməyi üçün uyğun bir yer deyil,çünki buranın  kiçik keçidlər və otaqları hələ də yaxşı araşdırılmayıb. Həmçinin burada su həmişə çox soyuq olur.

Samirə Tağıyeva, “İki sahil"