28 sentyabr 2022 17:40
542

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 sentyabr -Anım Günündə Füzuliyə və Şuşaya səfərləri rəmzi məna daşıyır

Dövlət başçısı və birinci xanımın Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmələri və həmin yerdə çıxış etməsinin bir neçə mühüm əhəmiyyətini qeyd etmək olar.

Birincisi, cənab Prezident, xalqımızın öz şəhidinə verdiyi yüksək dəyəri və onları ailələrinə olan mənəvi borcu bir daha xatırlatdı. Xalq öz şəhidini dərin hörmətlə və hörmətlə yad edir. Onlar, 200 ildən çox bir müddət ərzində davam edən işğalçılıq siyasətinə son qoydu və ədaləti bərpa etdi. Beləliklə də 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixi dövrüdür, hətta dönüş nöqtəsidir.

İkincisi, Azərbaycanın bu Qələbəyə ehtiyacı var idi və bu ehtiyac sosial statusundan, maddi vəziyyətindən, siyasi, mədəni, dini mənsubiyyətindən asılı olmayaraq, bütün xalq bir yumruq kimi öz Prezidentinin ətrafında sıx birləşdi. Xalq-iqtidar-ordu birliyi – bir bütövlük yaranmışdır. Hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da bu haqq işinə səfərbər olmuşdur. Düşmən nə qədər hərbi, siyasi, hətta informasiya müstəvisində təxribat törətməyə cəhd göstərsə də, xalqımız bir nəfər kimi bütün ağrı və itkilərə baxmayaraq, yaranmış birliyi sarısılmağa qoymadı.

Şəhidlərimizin şərəfinə, əziz xatirələrinə Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmış bu abidənin öz rəmzi mənası var, bura müharibənin ilk günüdə azad olmuş və ilk şəhid verilən kəndlərimizdəndir. Azərbaycan əsgəri və zabiti öz canını Vətən yolunda  fəda edirək,  xalqımızın  əyilən qəddin düzlətdi, başını dikəltdi, bizi əbədi olaraq öz doğma torpaqlarımıza qaytardı.  Bu Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı idi.  Prezident İlham Əliyevin dediyi kimi, “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq”.  Bu çətin və tarixi  vəzifəni yerinə yetirərək, xalqımız döyüş meydanında düşməni məğlub edərək öz haqqını bərpa etdi, “yenilməz və qorxmaz erməni ordusu” mifini  dağıtdı.  

 Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb, hər zaman məsələn sülh və dinc yolla həll olunmasına cəhd edib. Ona görə də 30 ilə yaxın davam edən danışıqlarda iştirak edirdi, lakin biz həm də görürüdük ki, ATƏT –in Minsk Qrupu məsələnin həllinə yox, onun dondurulmasına çalışırdı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamə kağız üzərində qaldı.  Azərbaycana qarşı ikili  standartlar davam edirdi. Əlbəttə ki, buna ən layiqli cavab iqtisadi imkanları artırmaq, siyasi sabitliyi möhkəmləndirmək, diplomatik və beynəlxalq hüquq müstəvisində mühüm iş aparmaq və güclü ordu qurmaqla düşmənə qarşı lazım olan anda qətiyyətli zərbə endirmək idi.

Ölkə başçısı ilk şəhid verdiyimiz, müqəddəs missiya və haqq işi uğrunda mübarizəyə bağladığımız yerdə, şəhidlərimizin əziz xatirəsini yad etməklə yanaşı, bütün xalqımıza çağırış etdi, hər birimizin üzərinə bir məsuliyyət qoydu: “Bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.” Şəhid qanı düşən yer bizim and yerimizdir və biz hər birimiz bu şərəfli yolda öz üzərimizə düşən vəzifəni ləyaqətlə, Vətənə məhəbbətlə yerinə yetirməliyik.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Müharibədən keçən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda tikinti- bərpa quruculuq işləri aparılır, nəhəng layihələr həyata keçirilir, bütün infrastruktur yenidən qurulur. 30 ilə yaxın kənd və şəhərlərimiz erməni vandalizminə məruz qalaraq,  talan edilmiş və  xarabaya çevrilmişdir.  Bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Artıq  kənd və şəhərlər  yenidən salınır,  tarixi-mədəni-dini abidələrimiz yenidən qurulur.   Heydər Əliyev Fondunun dəstəyi və onun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün tarixi-mədəni-dini abidələrimiz, məscidlərimiz  bərpa olunur.  Hər bir abidənin ən xırda detalı dəqiqliklə öyrənilir, araşdırılır, və ilkin memarlıq üslubuna uyğunlaşdırılır.   Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda  bərpa-quruculuq işlərində yaxından iştirak edir və öz mühüm töhfəsini verir. Biz birlikdə və davamlı və sistemli şəkildə fəaliyyət göstərməklə, işğaldan azad edilmiş torpaqlarımıza əbədi sülhlə bərabər əbədi həyat da gətirəcəyik.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor