29 sentyabr 2022 02:15
578

Ermənistanın müharibə cinayətləri...

Təəssüf ki, dünya birliyi həqiqəti görməzdən gələrək bu hərbi təcavüzlərə hələ də susur

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq mülki şəxsləri hədəfə almaqla çoxlu sayda dəhşətli müharibə cinayətləri törətdi. Ermənilər tərəfindən Azərbaycanın şəhərləri qadağan olunmuş ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Lakin dünya birliyi bu vəhşilik qarşısında susdu və baş verən vandalizmi gözardı etdi. Əslində münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalı idi.

Nəzərə almaq lazımdır ki, Vətən müharibəsi dövründə namərd atəşləri nəticəsində 100-ə yaxın mülki vətəndaşımız həlak oldu. Hansı ki, onların arasında uşaqlar və qadınlar vardı. Bu vəhşi hücum nəticəsində 400-dən çox mülki şəxs yaralandı, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və ya yararsız hala düşdü. Buna baxmayaraq, ermənilər hələ də beynəlxalq qınağa tuş gəlməyib. Aydındır ki, bütün bunların arxasında erməni lobbisi dayanır. Belə ki, 2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.

Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb. Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İnsanlığa qarşı törədilən bu cinayət dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən ən sərt şəkildə tənqid olunmalı, hətta Ermənistan məsuliyyətə cəlb edilməli idi. Çünki Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması birbaşa müharibə cinayətidir. Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ də azadlıqdadırlar.

Ümumiyyətlə, Qarabağ münaqişəsinin mövcud olduğu bütün dövrlərdə Ermənistan bizim mülki əhalimizi atəşə tutub, öldürüb və hətta əsir götürüb. Mülki əhaliyə qarşı müharibə cinayətlərinin son 30 ildə ən dəhşətli şəkildə tətbiq olunduğu vətəndaşlar məhz azərbaycanlılardır. Dünyanın çox az yerində XX əsrin sonlarında, XXI əsrin əvvəllərində mülki vətəndaşlar məhz bu tip vəhşiliyə məruz qalıblar. Yəni, bir dövlət digərinin ərazisindəki insanlara qarşı müharibə cinayəti aparıb. Məsələ ondadır ki, beynəlxalq səviyyədə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı apardığı bu müharibə cinayətlərinə layiqli və hüquqi qiymət verilmir. Bu isə daha sonra dünyanın bir çox yerlərində belə halların təkrarlanmasına rəvac verdi.

Halbuki Ermənistanın qadağan olunmuş raketlərlə və fosforlu bombalardan istifadə edərək dinc sakinlərimizi yaralaması və öldürməsi beynəlxalq səviyyədə sübut olunub.

Lakin beynəlxalq təşkilatlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Avropa İttifaqının qaz xətləri keçən Gəncə və Tovuz bölgəsinin, həmçinin Bərdə, Tərtər, Agcəbədi rayonlarında mülki əhalinin yaşadığı ərazilərə raket atəşinə tutulması və onların həlak olması mövzularını şərh etmədi, heç nəyə yararlı olmayan dişsiz bəyanatlar verdi.

Heç şübhə yoxdur ki, işğalçı Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Dövlətimiz tərəfindən bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını almalıdır və alacaq.

Cavid Əkbərov, “İki sahil”