29 sentyabr 2022 14:33
277

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak edib.

İclasın gündəliyinə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir. Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Orxan Məmmədov “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Niyazi Səfərov isə “Kiçik və orta sahibkarlığın inkişafında nəzərəçarpacaq nəticələr əldə olunduğunu qeyd edib.

Müzakirələrdən sonra hər 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.