04 oktyabr 2022 16:19
348

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında fəaliyyət göstərən arıçılar bal yarmarkasında iştirak edir

Bu il arıçılıq məhsullarının yarmarkasında Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında fəaliyyət göstərən fermerlər məhsullarını satışa çıxarıblar.

Bunu "İki sahil"ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycanın arıçılıq təsərrüfatları olan bütün rayonlarından arıçılar öz məhsullarını yarmarkaya gətiriblər.

"Yarmarkada 14 iqtisadi zonadan 47 rayonu əhatə edən 250 arıçı iştirak edir. Yarmarkada ümumilikdə 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır. Bilirisiniz ki, keçən il Kəlbəcər və Laçın yaylaqlarına pilot layihə olaraq bəzi arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilmişdi. İlk dəfə keçən il biz Kəlbəcər və Laçın balının yarmarkada satışını təmin etmişdik. Bu il isə Azərbaycanın işğaldan azad olunmuş rayonlarından olan bütün fermerlər öz arıçılıq təsərrüfatlarını həmin azad olunmuş ərazilərdəki yaylaqlara çıxarmaq imkanına malik oldular. Bu il ümumilikdə azad olunmuş ərazilərə 61 mindən çox arı ailəsinin köçürülməsi təmin edildi", - nazirlik rəsmisi deyib.

V.Hüseynov bildirib ki, yarmarkaya çıxarılan arıçılıq məhsullarının keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb.

O qeyd edib ki, builki bal yarmarkasında satış ötən illərlə müqayisədə yaxşıdır.

"Fermerlərin yarmarkada iştirakı konkret mexanizm üzrə təmin olunub. Qeyd edim ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb", - V.Hüseynov əlavə edib.

Qiymətlərə gəldikdə isə buna nazirlik qarışmır.

"Bal bu qiymətdən baha satıla bilməz deyə mexanizm yoxdur. Ötən ilə nisbətdə balın orta qiyməti artıb", - deyə V.Hüseynov bildirib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Vətəndaşlar 20 oktyabr tarixinədək hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.