İsrail-Avstraliya layihəsi əsasında tədqiqatçıların Yerin peykində kənd təsərrüfatı bitkilərinin toxumlarını cücərtməyə çalışması ilə bağlı bir missiya hazırlanır.
Avstraliyalı alimlər 2025-ci ildə Ayda ilk yerüstü bitkiləri yetişdirməyə çalışacaqlar.
“Kosmos əkilməsi” İsrailin Ayda şəxsi missiyasının bir hissəsi kimi baş tutacaq və bunun üçün lazım olan hər şey “Beresheet 2” kosmik gəmisi vasitəsilə Yerin təbii peykinə çatdırılacaq.
Xatırladaq ki, birinci belə cəhd alınmamışdı, toxumlar Selena səthinə düşdü. Lakin İsrail mühəndisləri həmin fəlakətdən nəticə çıxarıblar.
Yeni aparat yerə endikdən sonra toxumlar xüsusi möhürlənmiş bölmədə olacaq. Onlara su veriləcək və kameralar tumurcuqların cücərmə əlamətlərini izləyəcək.
Tədqiqatçılar bildirirlər ki, ehtimal olunan “kosmonavt” bitkilərdən biri Avstraliyanın "dirilmə otu" olacaq (mesajda belə adlandırılıb).
Bitkinin quraqlığa çox dözümlü olduğu və hətta tamamilə quru görünsə belə yaşaya biləcəyi bildirilir. Çox cansız və quru olduqda belə su verilən kimi "dirilmə otu"nun yarpaqları və tumurcuqları yenidən yaşıllaşır.
Avstraliya layihəsi Aya uzunmüddətli insan missiyalarının hazırlanmasında və orada daimi insan koloniyalarının yaradılmasında böyük əhəmiyyət kəsb edir.
Düzdür, Yerin peykini planetimizdən gələn həyatla "çirkləndirməmək" üçün indiyə qədər bütün təcrübələrin sərhədli və ya qorunan mühitlərdə aparılması təklif edilir.
Ancaq gələcəkdə qida, dərman və hətta oksigeni Ay kolonistləri yerində yaratmalı olacaqlar. Yerdən həyat üçün lazım olan hər şeyi Aya aparmaq işə yaramayacaq - mövcud kosmik gəmilərdən heç biri belə bir yükü qaldıra bilməz.
Yaşıl Qitənin tədqiqatçıları belə hesab edirlər ki, onların işləri yer üzündəki problemlərin həlli üçün faydalı olacaq: iqlim dəyişikliyinin getdikcə Yerdə münbit torpaqların qurumasına gətirib çıxaracağı vaxt uzaqda deyil, bu da bəşəriyyətin məhsul istehsalının yeni üsullarına ehtiyac duyacağı deməkdir.
Ayın ekstremal şəraitində faydalı bitkilərin yetişdirilməsi təcrübəsi bu vəziyyətdə faydalı olacaqdır.
Layihə “Lunaria One” təşkilatı tərəfindən Avstraliya və İsrail alimlərinin birgə iştirakı ilə həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşər ki, Çin artıq Ayda kənd təsərrüfatı bitkilərinin (kartof və pambıq) becərilməsi sahəsində təcrübəyə malikdir. Belə bir təcrübə “Chang'e-4” missiyasının bir hissəsi olaraq həyata keçirilib.
Həmçinin 2022-ci ilin may ayında NASA mütəxəssisləri Ay torpağında bir neçə bitki yetişdirməyə nail olublar. İlk tumurcuqlar yetkin bitkilərə çevrilə bilməsə də, təcrübənin özü alimlərə ümid verdi: Ayda insanların məskunlaşması ehtimalı zaman keçdikcə daha real görünür.
Nubar Süleymanova, “İki sahil”