Dünya xəritəsində yüzlərlə adaya rast gəlmək mümkündür. Yaranma mənşəyinə, ölçüsünə, flora və faunasının müxtəlifliyinə görə hər bir ada digərindən fərqlənir. Bu yazıda dünyanın ən çox əhalisi olan adalar haqqında danışacağıq.
Santa Kruz adası
Ən çox əhaliyə malik adalardan biri olaraq Kolumbiyanın Karib dənizi sahillərində yerləşən Santa Kruzdur. Burada 700 nəfər yaşayır. Tətil və bayram günlərində isə adanın əhalisi 1200 nəfərə qədər artır. Bu, onunla bağlıdır ki, materikdə orta məktəbdə oxuyan yerli uşaq və yeniyetmələr evə ailələrinin yanına gəlirlər. Burada adi kurortları, otel komplekslərini görməyəcəksiniz. Adanın ölçüsü kiçik olduğuna görə burada hətta idman stadionu və qəbiristanlıq belə yoxdur. Bütün idman yarışları və dəfn mərasimləri qonşu Mukura adasında keçirilir. Adanın demək olar ki, bütün sakinləri dənizdə işləyirlər. Hərbi gəmilər hər üç həftədən bir bura içməli su gətirir. Şirin su olmadığından sakinlər birbaşa dənizdə çimmək və paltarlarını yumaq məcburiyyətində qalırlar. Avropa standartlarına görə, ada sakinləri çox kasıbdır. Burada heç vaxt qıfılla bağlı olan qapıları görmərsiniz. Axşam düşəndə isə yerli sakinlər məşhur seriallara baxmaq üçün qonşuları ilə televizor ekranlarının qarşısına toplaşırlar.
Manhetten
Nyu-Yorkun ən qədim və ən çox əhalisi olan hissələrindən biri Manhettendir. Manhetten Nyu-Yorkun mədəniyyət və ticarət mərkəzi sayılır. Burada bir çox məşhur muzeylər, universitetlər və turizm zonaları var. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının baş qərargahı da Manhettendə yerləşir. Manhetten ABŞ-da iş yerlərinin sayına görə 1-ci yerdə durur. Nyu-York birjası və “NASDAQ” məhz buradadır. Manhetten adına ilk dəfə Robert Juetin səyahət dəftərində rast gəlinir. 1610-cı ilə aid bir xəritədə də Manhettenin adı qeyd olunur. Manhetten lenap dilində "bir çox təpədən ibarət olan ada" mənasını verir. Burada 1,58 milyon insan yaşayır. Bir kvadrat kilometrə düşən əhalinin sayı əsasən, 26 924 nəfərə çıxır. Amerikanın heç bir şəhərində bu qədər əhali sıxlığı yoxdur. Dünyanın ən böyük kommersiya və maliyyə strukturları burada yerləşdiyi üçün Manhetten tez-tez dünyanın maliyyə ürəyi adlandırılır. Burada, həmçinin ən böyük radio və telekommunikasiya şirkətləri və bir çox maraqlı tarixi yerlər yerləşir.
Salset adası
Salset adası Ərəbistan dənizində, Hindistanın qərb sahilində yerləşir. 619 kvadrat kilometr ərazidə 15,1 milyona yaxın insan yaşayır.
Adanın məskunlaşması daş dövründə balıqçılar tayfası tərəfindən başlamışdır. Eramızdan əvvəl III əsrdə ada Morya imperiyasının hakimiyyəti altına düşdüyünə görə buddistlər və hinduların böyük mədəni və dini mərkəzinə çevrildi. Yerli əhali sahəsində ada sanki çiçəklənib inkişaf etməyə başlayaraq ən əsas ticarət mərkəzi kimi şöhrət qazandı. 18-ci əsrdə ingilislər Salsetti ələ keçirdilər. Onlar burada materik və Bombeyi birləşdirən çoxlu dəmir yolu xətləri və magistral yollar yaratdılar. Bu da əhalinin sayının kəskin artmasına səbəb oldu. Hal-hazırda ən varlı insanlar belə dəbdəbəli villalarını tikmək üçün bu adayı seçirlər.
Venesiya
Bu şəhər İtaliyanın şimal-şərqində, Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır.
Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi Venesiyanın ən gözəl memarlıq abidəsidir. Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır.Napaleonun sözlərinə görə, Avropanın ən qəşəng mehmanxanası San Markodur. Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondolalarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.
Burada daimi olaraq təxminən 270 min insan yaşayır. Əlavə edək ki, turistlərin hesabına adanın əhalisi ən azı iki dəfə artıb. Qondolaları, körpüləri və adaları ilə məşhur olan Venesiya daha bir xüsusiyyəti ilə də tanınır: şüşə istehsalı. Ən bacarıqlı şüşə ustaları burada yaşayır. Şüşə istehsalının tarixi eramızdan əvvəl 200-cü ilə gedib çıxır. Venesiya şüşələri dünyada parlaqlığı, zərifliyi və şəffaflığı ilə seçilir.
Male
Male Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtıdır. Male və Valingile adalarında yerləşir. Adada ənənəvi olaraq kral sarayı yerləşirdi. Male sözü “Mahaalay”sözündən yaranıb, "böyük" deməkdir. 1965-ci ildə ölkə müstəqillik qazanaraq, Böyük Britaniyanın müstəmləkəsi olmaqdan azad oldu. Maldiv adalarının əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 1987-ci ilin məlumatları ilə müqayisədə 2006-cı ildə adada əhalinin sayı beş dəfə artaraq yüz min nəfərə çatıb. Burada yerli əhali ilə yanaşı çoxlu sayda əcnəbi işçi də yaşayır.Burada əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır. Bu yaxınlarda həyata keçirilən doldurma əməliyyatı adanın sərhədlərini bir qədər də genişləndirməyə imkan verdi.
Ebeye
Ebeye, Marşal adalarındakı Kvajalein adasının ən sıx məskunlaşdığı hissəsidir. Bu ada 15 min insanın daimi yaşayış yeridir. Onların əksəriyyəti 1954-cü ilin martında Bikini Atollundan oradakı dağıdıcı nüvə sınaqlarından sonra buraya köçən qaçqınlar və onların övladlarıdır. Hazırda yerli əhalinin demək olar ki, 50% -i hələ on səkkiz yaşına çatmayıb.
Vasilyevski
Sankt-Peterburqun əsas tarixi görməli yerlərindən biri gözəl və əzəmətli Vasilyevski adasıdır. Şəhərin əksər muzeyləri və kafedralları burada yerləşir. 2002-ci ildə adanın əhalisi 200 000-ni keçib və hər il artmaqda davam edir.
Lübek
Lübek adası şəhəri Almaniyanın şimalındakı Şlezviq-Holşteynin ikinci böyük şəhəri və ən böyük alman limanlarından biridir. Lübek qotik üslubunda zəngin arxitekturaya malik inanılmaz dərəcədə gözəl bir şəhərdir. 2005-ci ildə liman şəhərinin əhalisi 214 min nəfərə çatmışdır.
Samirə Tağıyeva, “İki sahil”