Koronavirus ilə birlikdə bütün dünya gözünü digər viruslara da çevirdi. Dünyada tarix boyunca bir çox epidemiyalar yaşanıb. Əsrlər əvvəl baş vermiş və milyonlarla insanın həyatına son qoyan bir epidemiyanın günümüzə təsiri ortaya çıxıb.
Viruslar üzərində aparılan araşdırma göstərir ki, 1300-cü illərin ortalarında Qərbi Avropa və Qərbi Aralıq dənizi ölkələrində əhalinin yarısının ölümünə səbəb olan “Qara ölüm” epidemiyası bu günə qədər genetik izlər buraxıb. Yüzlərlə illik skeletlərin üzərində aparılan araşdırmalarda insanların “Qara ölüm” epidemiyasında sağ qalmasını təmin edən mutasiyalar aşkar edilib.
700 il əvvəlki epidemiyanın günümüzə təsiri
Lakin bu mutasiyalar günümüzdə insanlara təsir edən otoimmun xəstəliklərlə (vücuddan gələn anormal bir immun reaksiya nəticəsində yaranır) əlaqələndirilir. “Qara ölüm” bəşər tarixinin ən ölümcül və ən çıxılmaz anlarından biri kimi tarixə düşüb. Pandemiyada 200 milyon insanın öldüyü təxmin edilir.
Alimlər epidemiyadan əvvəl və sonrakı 206 skeleti təhlil ediblər. Tədqiqat zamanı İngiltərənin paytaxtı Londonda taun epidemiyasından ölən insanların dəfn edildiyi Şərqi Smitfilddə qalan qalıqlar və daha çox Danimarkadan gələn sümüklər araşdırılıb. Nəticələri “Nature” elmi jurnalında dərc edilən araşdırmada ERAP2 adlı genin mutasiyalarına diqqət yetirilib.
Düzgün mutasiyaya malik olanların “Qara ölüm” epidemiyasında sağ qalma ehtimalının 40 faiz daha yüksək olduğu müəyyən edilib. Çikaqo Universitetinin professoru Luis Barreiro deyib: “Bu, çox böyük təsirdir. İnsan genomunda belə bir şey tapmaq çox təəccüblüdür.”
Genin işi mənfi halların daha effektiv şəkildə tanınması və zərərsizləşdirməsi üçün zərərli mikrobları parçalayacaq zülalları istehsal etmək və bu fraqmentləri immun sisteminə yönəltməkdir. Genin yaxşı işləyən və heç bir iş görməyən versiyaları da var. Valideynlərin hər birindən bir gen alınır. Şanslı olanlar valideynlərindən yaxşı işləyən genləri alanlardır. “Qara ölüm”də sağ qalanların uşaqlarına yoluxdurması ilə bu mutasiyaların sürətlə yayıldığı bildirilir.
McMaster Universitetinin genetika professoru Hendrik Poinar isə buları əlavə edib ki, iki və ya üç nəsildə 10 faizlik dəyişiklik var: “Bu, insanlarda indiyə qədər görülən ən güclü seçimdir.”
Araşdırmadan əldə olunan nəticələr Yersinia pestis adlı taun bakteriyasından istifadə edilərək müasir təcrübələrdə təsdiqlənib. Qan nümunələrində yaxşı işləyən mutasiyalara sahib olanların, olmayanlara nisbətən infeksiyaya qarşı daha davamlı olduğu aşkar edilib.
Müasir insan DNT-si xarici görünüşünə görə neandertallarla əlaqəli əcdadlarımızla bağlıdır və bu miras COVID-19 da daxil olmaqla bir sıra xəstəliklərə cavab vermək reaksiyamıza təsir göstərir.
Vüsal Cahanov, “İki sahil”