Xroniki ağciyər xəstəliyi olaraq, astma bütün dünyada milyonlarla insane əzab verir.
Ölkəmizdə də uşaqlar da daxil olmaqla çoxlu astma xəstəsi var. Yüksək siqaret çəkmə nisbətlərinin bu rəqəmlərin artmasına təkan verdiyi düşünülür və ekspertlər mənfi nəticələrlə bağlı daim insanlara xəbərdarlıq edirlər.
Nəfəs çatışmazlığı, xırıltı və sinə içində təzyiq hissindən quru öskürəyə qədər - astmanın simptomları çox şiddətli və ya bəzən cüzi ola bilər. Vəziyyət tənəffüs yollarının iltihabına və daralmasına səbəb olur, nəfəs almağı çətinləşdirir, bu da təbii olaraq həyat keyfiyyətinin ciddi şəkildə azalmasına gətirib çıxarır.
Ankara Memorial Xəstəxanasının döş qəfəsi xəstəlikləri və allergiya üzrə mütəxəssisi Adile Berna Dursun bildirib ki, astmanın ciddiyə alınmaması və ya erkən müdaxilə edilməməsi xəstəliyin müalicəsinə və nəticələrinə mənfi təsir göstərir.
Aşağıda astma ilə bağlı doğru bilinən yanlışları nəzərinizə çatdırırıq:
Astma yalnız uşaqlıqda baş verir
Astma ilə bağlı inanılan ən çox yayılmış miflərdən biri onun yalnız uşaqlıqda görülməsi və sonradan baş verməyəcəyidir. Əslində isə astma uşaqlıq, körpəlik, yeniyetməlik, orta yaş və ya yetkinlik dövründə baş verə və təkrarlana bilən xroniki xəstəlikdir.
Astma allergiya nəticəsində yaranır
Allergiya və astma qarışıq xəstəliklər ola bilər. Allergiya bədənimizə aid olmayan maddələrə qarşı yaranan immun reaksiyadır. Yalnız bəzi xəstələrdə allergiyaya astma reaksiyası var. Qeyri-allergik astma da var. Uşaqlıq astmalarının dörddə üçü allergik tipdir. Yaş artdıqca, allergik astmanın nisbəti yarıya qədər azalır. Digər tərəfdən, əgər fərd artıq çəkilidirsə və siqaret çəkirsə, risk daha da artır.
Astma yoluxucudur
Astma yoluxucu bir xəstəlik deyil, mikrob olmayan iltihablı bir vəziyyətdir. Astma yalnız insanın özünə təsir edir.
Bu xəstəlik ətraf mühit faktorlarından qaynaqlanır
Xüsusilə böyük şəhərlərdə çirklənmənin astma xəstələrinə təsirini sübut edən bəzi araşdırmalar olsa da, bu, daha çox genetik əsası olan bir xəstəlikdir. Ailənizdə astma xəstəsi olan birinin olması uşaqlarınızın da astma xəstəliyinə tutulma ehtimalını artırır. Valideynlərdən birində xəstəlik varsa, uşağın bu xəstəliyə tutulma ehtimalı 30-35% təşkil edir.
Bu xəstəliyin daşıyıcıları idman edə bilmirlər
Astma xəstələri idman edə bilərlər. Əslində, astma xəstələri idman etməyə və aktiv olmağa təşviq edilməlidir. İdmanla məşğul olmaq həm fiziki, həm də ruhi rifah üçün lazımdır və əzələləri gücləndirir. Yalnız qış idman növləri, dərin dənizdə tullanma və paraşütlə tullanma kimi idman növləri ümumiyyətlə astma xəstələri üçün tövsiyə edilmir.
Hamilə astmatiklər dərmanlarını dayandırmalıdırlar
Astma xəstələri hamiləlik dövründə dərmanlarını dərhal dayandırmağa meyillidirlər. Əksinə, hamiləlik zamanı astma dərmanları heç vaxt dayandırılmamalıdır. Dərmanın dayandırılması astmanın pisləşməsinə və körpənin oksigen çatışmazlığından əziyyət çəkməsinə səbəb ola biləcək tənəffüs problemlərinə zəmin yaradar, inkişaf geriliyi, vaxtından əvvəl doğuş, aşağı çəki və ağciyərlərin inkişaf etməməsi kimi anomaliyalara səbəb olur.
Astma xəstələri təbii yolla doğuş edə bilmirlər
Astma xəstəsi olan gələcək anaların keysəriyyə əməliyyatı ilə doğum etməsi mütləq deyil. Astma xəstəsi olan hamilə qadınlar təbii doğuş edə bilərlər. Doğuş növü xəstədən və iştirak edən həkimdən asılı olacaq.
Pandemiyaya yoluxan astma xəstələri dərmanlarının qəbulunu dayandırmalıdır
Hamiləlik dövründə heç bir fəsad olmadıqda dərmanlar qəfil dayandırılmamalı olduğu kimi, COVID-19 pandemiyası zamanı da, xüsusən də həkimin əvvəlcədən razılığı olmadan dayandırılmamalıdır. Astma xəstələri dərmanlarını müntəzəm qəbul etməyə davam etməlidirlər. Koronavirusa yoluxma baxımından astmanın risk faktoru olmadığı bilinsə də, pandemiya ilə bağlı bir illik məlumatlara görə, nəzərə alınmalıdır ki, astması nəzarət altında olmayan və dərmanlarını müntəzəm qəbul etməyən şəxslərin COVID-19-a yoluxma riski daha yüksək ola bilər və daha ağır nəticələrə səbəb ola bilər.
Kortizon ehtiva edən astma dərmanının yan təsirləri var
İnsanlar arasında kortizon qorxusu var. Çox vaxt astmanın müalicəsi bir sprey ilə başlayır. Belə spreylər çox kiçik dozalarda da kömək edir, əksəriyyətində kortizon var. Dərmanlarından düzgün və təyin olunmuş tezlikdə istifadə edənlərdə çəki artımı, katarakta və iştahın artması kimi ümumi əlaqəli yan təsirlər müşahidə edilmir. Lakin düzgün istifadə edilməməsi ağızda sərtlik və iştah artımına səbəb ola bilər.
Astma dərmanları asılılıq yaradır
Bu, xroniki bir xəstəlik olduğundan, astma xəstələrinin davamlı müalicə alması lazımdır, lakin bu, onları asılılığa çevirmir.
Nubar Süleymanova, “İki sahil”