Bu yazıda son illər ərzində inanılmaz yerlərdə aşkar olunan tarixi əşyalardan bəhs edilir.
Qadağan olunmuş fincan tapılıb
Keçən qışda Rusiyanın şimal paytaxtında keçirilən hərracda 1920-ci illərə aid bir fincan 4 milyon 300 min rubla satıldı. Sən demə, sahibi bu qədim fincanı Sankt-Peterburqun şimal bölgəsində yerləşən bağ evində köhnə qab-qacaqlar arasından tapmışdır.
Qiymətli fincanın xarici hissəsində “Yaşasın Kommunist İnternasionalı!” şüarı yazılıb, həmçinin repressiyaya məruz qalan inqilabçı Zinovyevin portreti təsvir olunub.
Qeyd edək ki, həbs edildikdən sonra Zinovyevin hər hansı bir təsviri qəti qadağan edilərək, demək olar ki, bütün portretləri və fotoşəkilləri məhv edilmişdi. Məhz buna görə də keçmiş sahibi fincanı gizlətmişdi, çünki o zaman hər kəs evində Zinovyevin hər hansı bir görüntüsünə görə asanlıqla həbsxanaya göndərilə bilərdi.
ABŞ-ın İstiqlal Bəyannaməsinin surəti
1989-cu ildə bir ABŞ sakini yarmarkaların birində cəmi 4 dollara satışa çıxarılan köhnə bir rəsm əsəri əldə edir. Əslində şəkli heç bəyənməyən bu insan onu ancaq çərçivəsinə görə əldə edir. Heç bəyənmədiyi şəkili çərçivəsindən ayırdığı zaman burada gizlədilmiş ABŞ-ın İstiqlal Bəyannaməsinin 25 nüsxəsindən birini aşkar edir. Həmin nüsxəni 8,1 milyon dollara sataraq gözlənilmədən zənginləşir.
Məşhur rəssamın əsərləri harada imiş?
Məşhur rəssam Svetlana Kovalskayanın rəsmləri təsadüfən zibillikdən tapılıb. Qırxdan çox əsər sənətsevər insanlar tərəfindən xilas edilərək muzeyə təhvil verilib.
Kraliçanın oğurlanmış tacları zibil qabında...
2019-cu ilin 1 avqustunda İsveçin 17-ci əsrdə yaşamış kralı 9-cu Karl və həyat yoldaşı kraliça Kristinanın oğurlanmış tacları və səltənət kürəsi zibillikdən tapıldı.
Stranqas kilsəsindən oğurlanmış tarixi əşyalar paytaxt Stokholmun ətrafındakı məhəllələrdən birindəki zibil yeşiyindən tapılıb.
6,5 milyon avro qiymətində dəyərləndirilən tacların 1611-ci ilə aid olduğu bildirilir.
Qeyd edək ki, oğurluq etmiş 22 yaşlı şəxs hadisədən qısa müddət sonra ələ keçirilsə də, taclar tapılmamışdı.
Metal yumurtaya görə 33 milyon dollar mükafat
Bir amerikalı bazarların birindən 14 min dollara metal bir yumurta əldə edir. Satın aldığı yumurtanın üstündə qəribə yazılar aşkar edən həmin şəxs onu öyrənmək istəyinə düşür. Qeyri-adi yumurtanı əntiq əşyalar dükanına aparan şəxs, nəhayət, əldə etdiyi yumurtanın tarixçəsini öyrənir. Məlum olur ki, 1877-ci ildə bu Pasxa yumurtasını Rusiya imperatoru III Aleksandr Karl Faberjedən sifariş etmişdi və həyat yoldaşı Mariya Fyodorovnaya Pasxa bayramında hədiyyə etmişdi. Uzun illər sonra yumurtanın Amerikaya necə aparıldığı bəlli deyil. Bu sənət əsərini uzun illər sonra üzə çıxaran həmin amerikalı 33 milyon dollar mükafat alaraq bütün həyatını dəyişmiş olur.
“ Coca-cola”nın 5 dollara aldığı səhmləri 130 milyona satdı
Qədim əşyaların kolleksiyasını yığan amerikalı Tony Marton satışa çıxarılan bir qutu köhnə sənədləri cəmi 5 dollara əldə edərək, heç bilmədən həyatını tamamilə dəyişmiş olur. Belə ki, Tony həmin qutuda məşhur “Coca-cola” şirkətinə aid ilk səhmlərini aşkar edir. Belə dəyərli kağızları satan Tony Marton 130 milyon dollar qazanaraq zəngin olur.
Zirzəmidən Stalin repressiyası qurbanlarına aid zinət əşyaları tapılıb
2019-cu ildə Daşkənddə köhnə binalardan birinin zirzəmisində 80 il bundan əvvəl yoxa çıxmış xəzinə tapılıb. Zirzəmidə qazıntı işləri aparan Özbəkistan Dövlət Universitetinin alimləri xəzinənin dəyərinin bir milyon dollardan artıq olduğunu bildiriblər.
Alimlərin fikrincə, 1870-ci ildə binanın daha bir bölməsi olsa da, sonradan girişi dağılıb. Buna görə də heç kim buranın mövcudluğundan xəbər tutmayıb.
Buradan qızıl və gümüş sikkələr, qablar, şəkillər, zinət əşyaları, knyaz Romanovun 1918-ci ildə Daşkənddəki sarayındakı kolleksiyasından eksponatlar və Stalin repressiyası qurbanlarına aid əşyalar tapılıb. Aşkar edilən bütün unikal tapıntılar muzeylərə təhvil verilib. İllər ərzində zərər görmüş eksponatlar isə Almaniya və Polşadakı restavratorlara göndərilib.
Tapıntılar arasında ən nadiri isə Avstriyada istehsal edilmiş qızıl mikroskop olub.
1 qəpik hara, 1.600 000 rubl hara?
L.Kerrollun "Alisa möcüzələr ölkəsində" əsəri 1923-cü ildə Berlində nəşr olundu. Bu yaxınlarda bazarların birində əntiq əşyaları sevən biri bu kitabı cəmi bir qəpiyə alıb. Sonradan məlum olub ki, o, məşhur şair, tərcüməçi, ədəbiyyatşünas və entomoloq Vladimir Nabokovun “ Alisa möcüzələr ölkəsində” əsərinin rus dilinə tərcümə etdiyi versiyasını əldə edib. Həmin bu dəyərli əsər hərracda 1.600.000 rubla satılıb.
Puşkinin qadağan olunmuş əsərləri çardaqda gizlədilirmiş...
Bir müddət əvvəl Moskvada yaşayan bir ailə çardaqda 1908-ci ilə aid köhnə bir kitab tapıb. Onu qiymətləndirdikdən sonra məlum olub ki, bu kitab Aleksandr Sergeyeviç Puşkinin "Rusiyada nəşr olunmayan şeirlər" adı altında əsərləri toplanmışdır.
Bu kolleksiyada Puşkinin çox az tanınan əsərləri var idi. Çar dövründə onun bu əsərləri demək olar ki, tamamilə məhv edilib. Çünki bu əsərlər xalq üçün qəbuledilməz sayılırdı. Tapılan kitabın çoxlu qüsurları olsa da, o, hərracda 650 min rubla satıldı.
Samirə Tağıyeva, “İki sahil”