01 noyabr 2022 02:37
564

Bu saç məhsulları uşaqlıq xərçənginə səbəb ola bilər

Bu gün saç baxımında sağlamlıq üçün təhlükəsizliyi kifayət qədər öyrənilməmiş bir çox kimyəvi maddələr istifadə olunur.

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, kimyəvi saç düzləşdirmə məhsulları aqressiv uşaqlıq xərçənginin inkişafına səbəb ola bilər. Belə bir əlaqə ilk dəfə epidemioloji tədqiqat zamanı aşkar edilmişdir.

Təxminən 11 il ərzində ABŞ Milli Ətraf Mühit Elmləri İnstitutunun (NIEHS) alimləri 33947 qadının sağlamlığını izləyiblər. Bu müddət ərzində onların arasında 378 uşaqlıq yolu xərçəngi aşkarlanıb.

Tədqiqat başlamazdan əvvəl bir il ərzində kimyəvi saç düzləşdiricilərindən dörd dəfədən çox istifadə edənlərin, heç vaxt kimyəvi düzləşdiricilərdən istifadə etməyənlərə nisbətən daha tez uşaqlıq xərçəngi diaqnozu qoyulma ehtimalı 155% idi.

Müqayisə üçün qeyd edək ki, heç vaxt saç düzləşdirici vasitələrdən istifadə etməyənlərin 70 yaşına qədər uşaqlıq xərçənginə tutulma şansı 1,64% təşkil edir. Saçlarını tez-tez kimyəvi üsulla düzəldənlər arasında bu ehtimal 4,05%-ə qədər yüksəlir. Bu, kiçik görünsə də, lakin əhəmiyyətli dərəcədə yüksək riskdir.

Bu, necə baş verir?

Bir çox saç məhsulları insanın endokrin sisteminə təsir göstərə bilər: təbii hormonları təqlid edir və onların reseptorlarına bağlanır. Estrogen və progesteron hormonlarının artıqlığı tez-tez uşaqlıq xərçəngi ilə əlaqələndirilir.

2018-ci ildə tədqiqatçılar sınaqdan keçirilmiş 18 saç məhsulunda endokrin sistemi pozan kimyəvi maddələr aşkar ediblər. Üstəlik, müəyyən edilmiş kimyəvi maddələrin 84%-i məhsulun etiketlərində qeyd olunmayıb və 11 məhsulun tərkibində Avropa Birliyinin Kosmetika Direktivi ilə qadağan edilmiş kimyəvi maddələr var.

Tədqiqatçılar artıq saç məhsullarında hansı xüsusi kimyəvi maddələrin onların əlaqəli kanserogen təsirini izah edə biləcəyini araşdırırlar. Əsas “şübhəlilərdən” bəziləri parabenlər, ftalatlar və formaldehiddir.

Saç məhsulları bədən üçün xüsusilə ağır ola bilər, çünki insan baş dərisi kimyəvi maddələri asanlıqla udur. Ovucunuz və ya qarın nahiyəsi kimi dərinin qalın nahiyələri və ya tük follikullarının az olduğu yerlər kimyəvi maddələrə daha davamlı ola bilər.

Bundan əlavə, saçınızı düzləşdirici aparatla ya fenlə qurutmaq saçınızdakı kimyəvi maddələrin termal olaraq parçalanmasına səbəb ola bilər ki, bu da sağlamlıq üçün daha təhlükəli təsirlərə yol açır.

Fiziki fəaliyyət cinsi steroid hormonlarının səviyyəsini aşağı salmağa və xroniki iltihabı azaltmağa kömək edir. Alimlər, həmçinin sübut ediblər ki, fiziki fəaliyyət xərçəng hüceyrələrinin böyüməsini ləngidir. Buna görə də, çox güman ki, daha çox fiziki aktiv olan qadınlar uşaqlıq yolu xərçənginin risk faktorlarına daha az həssas ola bilərlər.

 Xatırladaq ki, keratin və ya Braziliya düzləşdirməsi kimi bərbər prosedurları son illərdə böyük populyarlıq qazanmışdır. Bərbərlər və onların müştəriləri istifadə etdikləri məhsulların sağlamlığa təsiri ilə bağlı maariflənməli və xəbərdar olmalıdırlar.

Nubar Süleymanova, “İki sahil”