18 noyabr 2022 23:37
753

Şəkərli diabet: Bu "səssiz qatil”dən necə qorunmalı?

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 537 milyon yetkin insan diabetdən əziyyət çəkir - bu, hər on nəfərdən biri deməkdir. Düzgün müalicə olunmayan şəkərli diabet korluq, əzaların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ağırlaşmalara səbəb ola bilər. Rusiyalı tibb elmləri doktoru Tatyana Şapovalenko şəkərli diabetdən qorunmağın yollarını açıqlayıb.

Diabetin əlamətlərinə aşağıdakılar daxildir: susuzluq, ağızda quruluq, yorğunluq, dəri qaşınması, tez-tez səpmə, daimi aclıq hissi. Yüksək qan təzyiqi, yüksək xolesterol səviyyəsi insanda diabet ehtimalını artırır.

"Şəkərli diabeti müalicə etmək mümkün deyil. Lakin diabetin əksər növlərinin fəsadlarının qarşısını vaxtında almaq olar", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, "prediabet" adlanan halların diaqnostikasını aparmaq lazımdır. Qanda qlükozanın testi üçün ən azı ildə bir dəfə qan alınmalıdır.

Həmçinin diabetin qarşısının alınması üçün aşağı qlisemik indeksi olan qidalar yemək lazımdır - bunlar qan şəkərində kəskin artıma səbəb olmayan qidalardır. Məsələn, lif qidaların glisemik indeksini aşağı salır. Aşağı qlisemik indeksi olan qidalar çox faydalıdır: tam buğda çörəyi, tərəvəzlər, dənli bitkilər, şəkərsiz meyvələr, paxlalılar.

Diabetin qarşısını almaq üçün çəkiyə nəzarət etmək və fiziki fəaliyyətlə məşğul olmaq mütləqdir.

"Sözsüz ki, pis vərdişlərdən də imtina etməliyik. Bu siyahıya təkcə spirtli içki və siqaret deyil, həm də şəkər daxildir, çünki son vaxtlar onun asılılıq yaratması şərh olunur", - mütəxəssis vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”