24 noyabr 2022 14:30
930

Kamran Bayramov: Ölkəmizdə mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir

"Ölkəmizdə siyasi müstəvidə həyata keçirilən islahatlar müasir dövrün çağırışlarındandır. Müasir inkişaf hədəfləri kontekstində «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu zəruri idi. Çünki, ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir."

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki,  layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin, komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi, siyasi partiyaların əməkdaşlarının iştirakı ilə dinləmələr təşkil olundu,  layihənin hazırlnaması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaradıldı. İş prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edildi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alındı.

K.Bayramov diqqətə çatdırıb ki, yeni qanunla bağlı 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb.Demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi həm də, xalqın siyasi iradəsini ifadə edir. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir modelin  qanunvericiliyə daxil edilməsini inqilabi addımlar kimi xarakterizə etmək olar. Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər də  nəzərdə tutulur. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaqdır.