29 noyabr 2022 02:36
361

Siz kontrast duşdan istifadə edirsinizmi?

Hər gün idmanla məşğul olmaq, bədənin tarazlığı və maddələr mübadiləsi baxımından faydalı hesab olunur. Üzmək, qaçmaq, rolik və velosiped sürmək də çox faydalıdır.

Stress qocalmanın ən başlıca səbəblərindəndir. İnsan əsəbləşərkən milyonlarla sinir hüceyrəsi məhv olur. Özünüzü əsəbdən qoruyun, bunun üçün lavanda, ballı nanə, adi nanə, cökə, çobanyastığı, yarpız, pişikotu, qavzaban, mayasarmaşığı, zəncəfil çaylarından növbəli şəkildə için. Həkimlərin sözlərnə görə, hicama və zəlinin özü də əsəb sakitləşdirici təsir edir.

Yeri gəlmişkən, orqanizmi möhkəmləndirməyin daha bir metodu da var. Bu  elə də mürəkkəb metod deyil.  Söhbət kontrast duşdan gedir (növbəli olaraq isti və soyuq duşun altında dayanmaq). Kontrast duşa başlamağa qərar vermək o qədər də asan deyil. Çünki ilk günlərdə elə də xoş təəssürat yaratmır, əksinə, gərginlik və diskomfort hissləri doğurur. Nəzəri olaraq hamı bilir ki, bu prosedur bütün orqanizmi gümrahlaşdırır, immuniteti gücləndirir, qan dövranını və dərinin vəziyyətini yaxşılaşdırır, sellüliti aradan qaldırır və hətta arıqladır, amma təəssüf ki, çoxumuz kontrast duşa başlamamaq üçün nə qədər istəsəniz bəhanə tapırıq.

Kontrast duş – təkcə gümrahlıq, enerji və soyuqdəymədən müdafiə deyil, bu – bütün orqanizmin məşqidir. Bu zaman əzələlər, vətərlər, damarlar, kapilyarlar, hüceyrlərər, bir sözlə, orqanizmimizdə nə varsa, məşq edir və maddələr mübadiləsi əhəmiyyətli dərəcədə sürətlənir, bu isə o deməkdir ki, artıq çəki də tezliklə aradan qalxır. Kontrast duş mütəmadi olaraq qəbul edildikdə, orqanizm kalori yandırır, dəri və əzələlər isə yenidən elastik olur, sellülit aradan qalxır.

Bir sözlə, sağlamlığınıza xeyri olan bütün imkanlardan yararlanın. Çünkü həyatınız təkcə sizin üçün deyil, sizi sevənlər üçün də çox önəmlidir.

Samirə Tağıyeva, “İki sahil”