29 noyabr 2022 01:14
576

Gələn il Şirkətin ödənişlərinin artacağı proqnozlaşdırılır - SOCAR və dövlət büdcəsi

“…Bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək”.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzənin sualını cavablandırarkən deyib.  

Ölkə başçısı bildirib ki, “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. 

Ancaq SOCAR-la bağlı müsbət tendensiya təkcə bunlarla bitmir. SOCAR və onun törəmə müəssisələri tərəfindən 2023-cü ilin dövlət büdcəsinə minimum 1 milyard 650 milyon manat məbləğində vergi ödənişləri nəzərdə tutulur. Bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozundan 300 milyon manat və ya 22,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 508,4 milyon manat və ya 44,5 faiz çoxdur. Artıma səbəb emal olunacaq neft məhsullarının, habelə ixracın həcminin artması, Aİ-95 markalı benzinin ölkədaxili istehsalına başlanılması ilə əlaqədardır.

Bununla da SOCAR gələn ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda ikinci ən böyük mənbə olacaq. Belə ki, 2023-cü ilin büdcəsində vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1 milyard 650 milyon manat, neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi 492 milyon manat, “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə isə mənfəət vergisi 2 milyard 875 milyon manat nəzərdə tutulur.

SOCAR, həmçinin gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda liderdir. Belə ki, 2023-cü ildə bu istiqamət üzrə dövlət büdcəsinə daxilolmaların 62,3 faizi SOCAR-ın payına düşür.  Ümumilikdə isə növbəti ilin büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 321,2 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 214,7 milyon manat və ya 3 dəfə, 2021-ci ilin faktı ilə müqayisədə 194,2 milyon manat və ya 2,5 dəfə çoxdur. Gələn il SOCAR  üzrə 200 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti üzrə 100 milyon manat, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 15 milyon manat, “AzerGold” QSC üzrə 5 milyon manat və digərləri üzrə 1,2 milyon manat məbləğində dövlət büdcəsinə nəzərdə tutulan dividend ödənişi proqnozlaşdırılır.

Ceyhun Piriyev, “İki sahil”