27 fevral 2026 16:15
116

SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb

SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb.

“İki sahil” xəbər verir ki, sazişə əsasən, şirkətlər müxtəlif dövrlərdə toplanmış mövcud seysmik məlumatların uyğunlaşdırılması və birləşdirilməsi yolu ilə regional psevdo-3D seysmik həcm yaratmaq məqsədilə innovativ texnologiyaların tətbiq olunduğu qabaqcıl seysmik tədqiqat həyata keçirəcəklər. Bu, Xəzər dənizinin Azərbaycan sektorunda bu növdə ilk layihə olacaq.

Yaradılacaq psevdo-3D seysmik həcm ayrı-ayrı 2D seysmik xətlərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu yanaşma hövzə miqyasında 3D xəritələşdirməyə imkan verəcək, kəşfiyyat potensialının daha dərindən anlaşılmasını təmin edəcək və Xəzər hövzəsi üzrə gələcək kəşfiyyat layihələrində risklərin azaldılmasına töhfə verəcəkdir.

Əməkdaşlıq çərçivəsində SOCAR bp-yə 2D seysmik xətlər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək. Bunun müqabilində bp seysmik məlumatların emalını və nümunələrin laborator analizini təmin edəcək. Psevdo-3D seysmik məlumatlar qabaqcıl texniki imkanlara və bu texnologiyanın tətbiqində təsdiqlənmiş təcrübəyə malik podratçı tərəfindən təqdim olunacaq.