Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin arxeoloqları qızıl dilli bir neçə mumiya aşkar ediblər. Kuvaysna nekropolunda Misir tarixinin müxtəlif dövrlərinə aid yüzlərlə məzarın içində bir neçə mumiyanın ağızlarında xalis qızıldan hazırlanmış “dil” olub. Alimlərin düşüncələrinə görə, qızıl dil mərhuma axirət öncəsi bir hədiyyə olub ki, o, ölülər dünyasının kralı, tanrı Osirisin məhkəməsi qarşısında özünü müdafiə edə bilsin. Lakin dilin niyə məhz qızıldan hazırlandığı hələ də məlum deyil.
Qeyd edək ki, oxşar hadisə 2021-ci ilin fevralında da baş vermişdi. Arxeoloqlar İskəndəriyyənin yaxınlığında yerləşən Böyük Taposiris antik şəhər-məbədində aparılan qazıntılar zamanı qızıl dili olan qeyri-adi bir mumiya aşkar etmişdilər. Təxminən 2000 il yaşı olan mumiya Osiris və İsisə həsr olunmuş məbədlərin yaxınlığında yerləşən 16 dəfndən birində aşkar olunmuşdur. Digər məzarlarda aşkar olunan müxtəlif qədim əsərlər, kitablar və bəzi zinyət əşyaları Misirin Tarixi Abidələr Nazirliyinə təhvil verilmişdir.
Təzəlikcə aşkar olunan mumiyalar nazik qızıl təbəqələrlə örtülmüş və taxta tabutlara qoyulmuşdur. Arxeoloqlar qrupu, həmçinin gil qablar, çiçək şəklində qızıl əşyalar, cənazə üçün hazırlanan neçə daş amuletləri və qablar aşkar ediblər.
Tapılan məzarlar, mumiyalar və xüsusi dəfn kolleksiyası göstərir ki, bu nekropol əsasən üç dövrə aiddir: Qədim Misir, Ptolemey və qismən Roma dövrü.
Samirə Tağıyeva, “İki sahil”