01 dekabr 2022 11:10
491

Laçının işğaldan azad edilməsi möhtəşəm hadisədir     

Artıq iki ildir dünyaya səs salan tarixi Zəfərimizdən və onun yaratdığı reallıqlardan bəhs edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazıldı. Hər gün bir rayonun, şəhərin, kənd və qəsəbənun işğaldan azad edildiyini özündə ehtiva edir.

10 noyabr 2020-ci ildə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olaraq imzalanan üçtərəfli Bəyanatın əsas müddəalardan biri Ağdam, Kəlbəcər və Laçının qrafik əsasında Azərbaycana qaytarılmasıdır. Bu Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə İkinci Qarabağ  müharibəsi bitdikdən dərhal sonra mənfur düşmənin dağıtdığı, yerlə-yeksan etdiyi torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri başlayıb. Dövlət başçısı  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş Laçın rayonuna ilk səfəri 2021-ci ilin 14 fevral tarixində reallaşdı. Bu səfər Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu mühüm hadisə bir daha tarixi Zəfərimizin təqdimatı oldu.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitə, həmçinin imzalanan Fərman və Sərəncamlara, təsdiqlənən Dövlət proqramları və Milli Prioritetlərə diqqət yetirmək kifayətdir. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.

Dövlət başçısı İlham Əliyevin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamı, 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsinin  nəzərdə tutulması bu ərazinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib, ölkə Prezidentinin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparılıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı səfərlərindən 4-ü Laçın rayonunadır. 4 səfərin hər biri mühüm tarixi məqamlarla, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin 2022-ci ilin  sentyabrın 21-də Laçına səfəri zamanı atılan addımlara diqqət yetirməklə bu bölgənin gələcək inkişafının təqdimatını etmək münkündür. Dövlət başçısı səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Ümumilikdə digər ərazilərimizdə olduğu kimi, Laçında da həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası genişdir. Soydaşlarımız üçün yüksək həyat şəraitinin yaradılması əsas hədəflərdəndir. Böyük Qayıdış proqramı əsasında görülən işlər bu reallığı təsdiqləyir ki, laçınlılar tez bir zamanda Laçına  qayıdacaq. Bu günümüzün reallıqları ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin təsdiqidir.

Gülər Kərimova,
​​​YAP Şabran rayon təşkilatının məsləhətçisi