02 dekabr 2022 18:49
764

"Azəriqaz"a müraciətlərin sayı niyə artıb? FOTO

Eldəniz Vəliyev: Sosial şəbəkələrdəki haqsız tənqidlər Birliyin gördüyü işlərə kölgə salır

Dekabrın 2-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Eldəniz Vəliyev təbii qazın verilişindəki lokal dayanmalara görə sosial şəbəkələrdəki haqsız tənqidlərin Birliyin gördüyü işlərə kölgə saldığını vurğulayıb. Bildirib ki, «Azəriqaz» qışa hazırlıq işlərini yüksək səviyyədə həyata keçirib: «Ona görə də payız və qış aylarında abonentlərin təbii qazla təminatında  problemlərin olmayacağına əminik. Ola bilər ki, təbii  fəlakətlər və gözlənilməz qəzalar zamanı kiçik problemlər yaşana bilsin. Bunu isə «Azəriqaz»ın qısa müddətdə aradan qaldırmağa qadir peşəkar komandası var.»

Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, 2022-ci ilin noyabr ayında qurumumza 121 596 müraciət daxil olub. Onun sözlərinə görə, ötən aylarla müqayisədə müraciətlərin sayı artıb: « Müraciətlər əsasən abonentlərin balans və limit barəsində məlumat almaq istəyi ilə bağlı olub.  Müraciətlərin 104 748-i Bakı şəhərindən  və Abşeron rayonundan daxil  olub.»

Xalidə Şimşək bildirib ki,  noyabr ayında 3 646 abonent qazın olmamasınndan, 8 265 nəfər isə qaz təzyiqinin aşağı düşməsindən şikayətləniblər: « Eyni zamanda,  50 544 müraciətin 48,2 faizi sayğacların bloka düşməsi, 12 faizi  kartın balansının artırılması ilə bağlı olub. 36 661 müraciət isə borcun qalığını öyrənmək üçün edilib. Həmçinin təbii qazın sızması ilə bağlı müraciətlər də daxil olub. Borcunu ödəməyən və nəticədə qaz təchizatı dayandırılan abonentlər sayı 712 nəfər olub. Onlara dəfələrlə vaxt verilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq borclarını ödəməmişlər və bu səbəbdən dəqaz təchizatı dayandırılıb.r.»

Tədbirdə bildirilib ki, 2022-ci ilin əvvəlində SOCAR-ın daxili vəsaiti hesabına 114 kənd və yaşayış massivinin qazlaşdırılması proqrama salınmışdı. Proqram üzrə artıq 63 kənd və yaşayış massivi qazlaşdırılıb. Digər 51 kənd və yaşayış massivində isə qazlaşdırma işləri davam etdirilir.

Elçin Zaman, «İki sahil»