2022-ci ilin arxeoloji kəşfləri
İnsan qurbanları
Bəzən arxeoloji kəşflər olduqca tükürpərdici olur. 2022-ci ildə aşkar olunan məzar da şübhəsiz ki, bu kateqoriyaya aiddir. Paytaxt Limadan təqribən 24 km şərqdə, Peruda qazıntı işləri aparan tədqiqatçılar İnkaya qədərki dövrün (təxminən 1000-1200 il əvvəl) “möhtərəm” adlandırıla biləcək bir insanın məzarını açıblar.
Lakin bu məzarda alimlərin diqqətini çəkən başqa bir şey oldu. Onlar həmin məzardan parçaya bükülmüş altı mumiyalanmış uşaq qalıqlarını da aşkar edirlər. Tədqiqatçılar qrupunun liderlərindən biri Pieter Van Dalen Luna qeyd edib ki, bizim düşüncələrimizə görə, bu uşaqlar ölən insaı yeraltı dünyasına müşayiət etmək üçün qurban verilib.
Vanda arxeoloji qazıntılar
Van Yüzüncü İl Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya kafedrasının elmlər namizədi Səbahəddin Ərdoğanın elmi məsləhətçiliyi ilə 2022-ci ilin oktyabrında başlanan qazıntı zamanı 8 metr hündürlüyündə istehkam divarları aşkar edilib. Qalıqların tapıldığı ərazidə hündürlüyü 140 santimetr, uzunluğu 8 metr, eni 7 metr olan rizomsuz məbəd, orta əsrlərə aid boyalı və boyasız keramika, otaq-məzar (türbə), Bizans dövrünə aid bilərzik və muncuqlar tapılıb.
Həmçinin Türkiyənin Van rayonunda Urartu dövrünə aid Körzüt qalası xarabalıqlarının yerləşdiyi ərazidə aparılan arxeoloji qazıntılar zamanı rizalitsiz (künc çıxıntısı olmayan) məbəd, o cümlədən keramika, zinət əşyaları və sikkələr tapılıb.
Kabus ayaq izləri
2022-ci ilin iyul ayında ABŞ-ın Yuta ştatındakı Böyük Duz Gölü səhrasında arxeoloqlar qeyri-adi ayaq izlərini aşkar etmişdilər. Tədqiqatçılar güman edirlər ki, bu ayaq izləri 12.000 il əvvəl, yəni sonuncu buz dövrünün sona çatdığı dövrdə yaşayan insanlara aiddir. GPR-dən istifadə etdikdən sonra cəmi 88 ayaq izi aşkar edən tədqiqatçılar onların böyüklər və hətta uşaqlara aid olduqlarını təxmin edilər. Onların təxminlərinə görə, ən kiçik uşağın cəmi 5 yaşı olub. Arxeoloqlardan biri olan Anya Kitterman qeyd edib ki, qədim ayaq izləri çox maraqlı, eyni zamanda, hər bir aliminin həyatında baş verən ən nadir hadisələrdən biridir.
40 məşuqə mozaikası
Suriyanın bəzi arxeoloji xəzinələri son illərdə bu ölkədə gedən vətəndaş müharibəsi səbəbindən dəhşətli dərəcədə zərər çəkib. Lakin bunlara baxmayaraq 2022-ci ildə tədqiqatçılar Suriyanın mərkəzindəki Rastan şəhərində heyrətamiz bir Roma mozaikasını aşkar edirlər. 1600 il yaşı olmasına baxmayaraq mozaika çox yaxşı qalıb. Ölçüsü 20x6 metr olan möhtəşəm sənət əsəri qədim yunan şairi Homerin “İliada” və “Odisseya” epik əsərlərində yer alan müxtəlif mifoloji səhnələri təsvir edir. Burada, həmçinin müharibədə Heraklın Amazonlar kraliçası Hippolitanı öldürdüyünü görə bilərsiniz. Ən əsası isə bu mozaikada Roma dəniz tanrısı Neptun 40 məşuqəsinin müşayiəti ilə təsvir edilmişdir. Mozaikanın aşkar olunduğu yer bir müddət üsyançıların əlində olub. Hətta onlar buranı satmağa da cəhd ediblər. Lakin onların xain planları baş tutmayıb.
"Samuel B. Roberts" gəmisinin qalıqları
“Samuel B. Roberts” gəmisi 1944-cü ilin oktyabrında Samar adasındakı döyüş zamanı Filippin dənizində yaponlar tərəfindən batırıldı. Gəmi batdığı zaman göyərtəsində 224 nəfər olub, onlardan 89-u həyatını itirib. Qalan ekipaj üzvləri suda 50 saat qaldıqdan sonra xilas edilib. Çox maraqlıdır ki, illər öncə batan bu gəminin qalıqlarını bu il Texaslı iş adamı Viktor Veskovo “Limiting Factor” adlı iki nəfərlik sualtı qayığından istifadə edərək aşkar edib.
Qeyd edk ki, “Samuel B. Roberts” gəmisi 6,895 metr dərinlikdə aşkar edilmiş ən nadir tapıntılar sırasına daxildir. İndiyə qədər belə bir dərinlikdə aşkar olunan digər qalıq 6460 m dərinlikdə kəşf edilmiş “USS Johnson” esminesidir.Bu gəmi də Samar adasında döyüş zamanı batıb. Çox maraqlıdır ki, onu da Viktor Veskovo aşkar etmişdi.
Efesdə 1400 illik tapıntı
Avstriya Elmlər Akademiyasının Avstriya Arxeologiya İnstitutunun direktoru və Efes Qədim Şəhər Qazıntılarının rəhbəri Sabine Ladstatter 2022-ci ildə aparılan qazıntılar zamanı sensasiya doğuran Erkən Bizans Dövrünə aid dükanların olduğu yerli məhəllə aşkar ediblər. Ladstatter qeyd edib ki, bu, Efesdə qədim şəhərin kult tikililərindən biri olan yamac evlərinin tapılmasından bəri ən əhəmiyyətli tapıntıdır.
S.Ladstatter tapıntıların mükəmməl şəkildə qorunduğunu vurğulayıb. Qeyd edib ki, görünür, həmin yer eramızın 614-615-ci illərində qəflətən yoxa çıxıb. Qalın və sıx od təbəqəsi otaqlardakı bütün məişət əşyalarını bürüyüb. Beləliklə, onların hamısı gələcək nəsillər üçün qorunub saxlanılıb. Bu tapıntı Pompey arxeoloji ərazisi ilə müqayisə oluna bilər, hətta baxmayaraq ki, onlar müxtəlif xronoloji dövrlərə aiddir.
24 etrusk tunc heykəli
2022-ci ildə İtaliyanın Toskana şəhərində 2300 il yaşı olan qədim tunc heykəllər aşkar olunub. Termal suların yerləşdiyi San Kaskiano dei Baqni bölgəsində aparılan qazıntılar zamanı 24 çox yaxşı vəziyyətdə olan tunc heykəllərdən beşinin hündürlüyü 1 metrdən çoxdur.
Tunc heykəllərin tapıldığı termal suların dibindəki palçıq sayəsində bu qədər yaxşı vəziyyətdə qaldığı bildirilir.
Ərazidə, həmçinin latın dilində yazılmış çoxlu yazılar və minlərlə sikkə də tapılıb. Əsərlərin eramızdan əvvəl I-II əsrlər arasındakı dövrə aid olduğu qeyd edilib.
Bu tapıntının 1972-ci ildə ölkənin cənubundakı Kalabriya bölgəsində aşkarlanan 2500 illik Riace bürünc heykəllərindən sonra ən mühüm mədəni sərvət olduğu bildirilib.
Samirə Tağıyeva, “İki sahil”