04 sentyabr 2026 01:43
73

Məktəbdən əvvəl uşaq hansı müayinələrdən keçməlidir?

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda uşaqların məktəbə hazırlığı ərəfəsində təkcə dərs ləvazimatlarının deyil, ümumi vəziyyətlərinin də nəzərdən keçirilməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, vaxtında aşkar edilməyən görmə və eşitmə problemləri uşağın lövhəni görməsinə, müəllimin izahlarını anlamasına və nəticədə tədris prosesinə mənfi təsir göstərə bilər.

Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə türkiyəli mütəxəssis, həkim Oğuz Pektaşın sözlərinə görə, uşaqlar yalnız xəstələndikdə deyil, heç bir şikayətləri olmadığı halda da müntəzəm müayinədən keçirilməlidirlər. Bu, həm uşağın böyümə və inkişafının izlənilməsinə, həm də mümkün problemlərin erkən mərhələdə müəyyən edilməsinə imkan yaradır.

Mütəxəssis tədris ili başlamazdan əvvəl uşağın ümumi vəziyyətinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, nəzərdən qaçan görmə və ya eşitmə problemləri uşağın müəllimi izləməsini, lövhəni görməsini, verilən tapşırıqları anlamasını və öyrənmə prosesində iştirakını çətinləşdirə bilər. Pektaş bildirib ki, məktəbəqədər dövrdə uşağın yaşına uyğun böyümə və inkişaf göstəriciləri də qiymətləndirilməlidir: "Boy və çəki göstəriciləri ilə yanaşı, nitq, hərəkət, sosial və emosional inkişaf da kompleks şəkildə nəzərdən keçirilməlidir. Bu, inkişaf fərqlərinin erkən aşkar olunmasına və ehtiyac yarandığı halda vaxtında müvafiq dəstəyin göstərilməsinə kömək edir.

Mütəmadi nəzarət zamanı yalnız fiziki müayinə deyil, uşağın yaşına uyğun zəruri yoxlamaların aparılması da əhəmiyyətlidir. Bu zaman peyvəndlərin yaşa uyğun şəkildə tamamlanıb-tamamlanmadığı da nəzərdən keçirilir."

Mütəxəssisin sözlərinə görə, qan analizləri və digər müayinələr hər bir uşağa eyni qaydada təyin edilməməlidir. Uşağın yaşı, böyümə və inkişaf xüsusiyyətləri, qidalanması və mövcud risk faktorları nəzərə alınaraq hansı müayinələrə ehtiyac olduğu həkim tərəfindən müəyyənləşdirilməlidir.

Pektaş qeyd edib ki, uşağın inkişafının müntəzəm izlənilməsi yenidoğulmuş dövründən başlayaraq yeniyetməlik yaşlarınadək davam edən mühüm nəzarət prosesidir. İlk aylardan etibarən aparılan müntəzəm pediatrik müayinələr uşağın böyüməsini, inkişafını və qidalanmasını izləməyə, yarana biləcək problemləri erkən aşkar etməyə imkan verir. Bu nəzarətin tezliyi və məzmunu isə uşağın yaşına və fərdi ehtiyaclarına uyğun müəyyənləşdirilir. Mütəmadi nəzarətin əsas məqsədi xəstəlik və ya inkişaf problemi yarandıqdan sonra müdaxilə etmək deyil, mümkün riskləri mümkün qədər erkən müəyyənləşdirməkdir. Bu prosesdə uşağın yalnız fiziki inkişafı deyil, zehni, sosial və emosional inkişafı da birlikdə qiymətləndirilir. Bununla yanaşı, valideynlərə uşağın qidalanması, yuxu rejimi, ekran qarşısında keçirdiyi vaxt, təhlükəsizlik qaydaları və digər profilaktik məsələlərlə bağlı məlumat verilməsi də vacibdir: "Uşaqların sağlam böyüməsi üçün yalnız xəstəliklərin müalicəsinə diqqət yetirmək kifayət deyil. Xəstəlik və inkişafla bağlı problemlər ortaya çıxmazdan əvvəl onların müəyyənləşdirilməsi əsas məqsədlərdən biridir. Valideynlər uşaqlarını yalnız xəstələndikdə deyil, heç bir narahatlığı olmadığı halda da müntəzəm müayinələrə aparmalıdırlar."

Şahnigar Əhmədova, "İki sahil"