29 dekabr 2022 01:35
669

Qida boyaları uşaqlarda bağırsaq iltihabına səbəb olur?

Alimlər uşaqların sevdiyi qida məhsullarında qida boyalarının potensial təhlükələrini ayrıca qiymətləndirmək qərarına gəliblər.

Kanadanın MakMaster Universitetinin alimləri xəbərdarlıq edirlər ki, adi qırmızı qida rəngi E129 bağırsaq iltihabı riskini artıra bilər. Burada söhbət Kron xəstəliyi və kolit kimi xroniki xəstəliklərdən gedir.

Tədqiqatçılar bunu laboratoriya siçanları üzərində aparılan təcrübələr zamanı aşkar ediblər.

Alimlər azo boyalar kimi tanınan kimyəvi birləşmələr qrupuna diqqət yetiriblər. Bunlara bazardakı bütün sintetik qida rənglərinin yarısından çoxu daxildir.

Tədqiqatçıların bildirdiyinə görə, azo boyalar bağırsaqda serotonin hormonunun ifrazını təşviq edir. Bu isə bağırsaqlarda iltihabı gücləndirə bilər.

Kolitə qarşı süni şəkildə induksiya edilmiş həssaslığı olan siçanlar 12 həftə ərzində gah normal, gah da qırmızı boya ilə əlavə edilmiş qidalar qəbul etdilər.Onlara insanlarda gündəlik istehlak üçün təhlükəsiz olduğu tövsiyə edilən hər qram çəkisi qədər boyalı qida verildi.

12 həftədən sonra davamlı olaraq boya yeyən siçanlarda yüngül kolit inkişaf etdi. Onların bağırsaqlarında serotonin səviyyəsi də artmışdı. Bu, elm adamlarının iltihabın tətik mexanizmini düzgün müəyyənləşdirdiyini göstərir.

Təcrübənin müəllifləri tədqiqatdan bir sıra mühüm nəticələr çıxarmışlar.

Birincisi, bir neçə həftə ərzində boyanın yalnız daimi gündəlik istifadəsi siçanların bağırsaqlarının iltihabına səbəb oldu. Dövri istehlak nəzərəçarpacaq zərər vermədi.

İkincisi, kolit üçün genetik meyli olmayan siçanlar istənilən təhlükəsiz miqdarda qırmızı boyalı qida yeyə bilər. Bu, bağırsaq iltihabı riskini artırmadı.

Bu o deməkdir ki, pəhriz əlavəsi yalnız bu vəziyyətə meyilli olanlarda iltihablı bağırsaq xəstəliyini "tətikləyə" bilər.

Buna baxmayaraq, yeni tədqiqat mühüm bir sual doğurur. Bağırsaq xəstəlikləri ilə sintetik qida boyaları arasında əlaqə, xüsusən də körpə formulalarında əlavə araşdırma tələb edir.

Nubar Süleymanova, “İki sahil”