30 dekabr 2022 01:57
600

Xoşagəlməz qoxular bədənin infeksiyalara qarşı müdafiəsini artırırmış

Bir neçə ölkədən olan tədqiqatçılar ikrah hissinin bədənin immun müdafiəsinin artması ilə əlaqəli olduğuna dair sübutlar tapıblar. Yəni qoxu hissi sayəsində biz nəinki xoşagəlməz şeylərdən və onların qoxularından qaçırıq, hətta hüceyrə səviyyəsində patogenlərin mümkün hücumuna hazırlaşırıq.

Təkamül zamanı heyvanlar, o cümlədən insanlar, zəhərlənmə və xəstəliklərdən qoruyan xüsusi reaksiyalar inkişaf etdirdilər. Müəyyən qoxulara qarşı nifrət belə təkamül müdafiəsidir.

Alimlər hətta bu cür reaksiyalara bir ad verdilər - davranış immun sistemi.

Bir neçə ölkədən olan tədqiqatçılar immun sistemimizin qoxu duyğumuzdan gələn bu cür “oyanma zənglərinə” cavab verib-vermədiyini maraqlanıblar.

Bu, məntiqli olardı: bədən potensial təhlükənin mövcudluğunu hiss edir, buna görə də problemlərə əvvəlcədən hazırlaşmağı vacib bilir.

İsveç və Avstraliya, Almaniya və ABŞ alimləri bunun həqiqətən belə olub olmadığını öyrənmək üçün üç müstəqil təcrübə aparıblar.

Alimlər subyektlərdə güclü ikrah hissi yaratmaq üçün üç üsuldan istifadə ediblər.

İsveçli tədqiqatçılar könüllüləri xoşagəlməz qoxulara məruz qoyublar: fermentləşdirilmiş siyənək, mavi pendir, çürük maya, sidik və tər iyi olan süni ətirlər.

İştirakçılar hər bir qoxunu çox "iyrənc" qiymətləndirdilər, sonra elm adamları ən xoşagəlməz qoxuları hiss edən insanlardan tüpürcək nümunələri topladılar.

Nəticədə, ən güclü ikrah hissi keçirən iştirakçıların tüpürcəklərində tədqiqatçılar iki immun markerin yüksək səviyyələrini aşkar etdilər: şiş nekrozu faktoru TNF-α və sekretor immunoqlobulin S-IgA.

TNF-α orqanizmdə sitokinlər və ağ qan hüceyrələri də daxil olmaqla bir neçə növ immun hüceyrələrini aktivləşdirir. Bədənin hüceyrədaxili parazitlərə və viruslara qarşı müdafiəsində mühüm amildir.

Sekretor immunoqlobulin A ən mühüm antikorlardan, yad maddələri zərərsizləşdirən hüceyrələrdən biridir. Yeri gəlmişkən, bu tip immun hüceyrələri hər üç araşdırmada alimlərin marağına səbəb olub.

İsveç və Avstraliya alimlərinin işi 15 dekabr 2022-ci ildə “Evolution, Medicine, and Public Health” elmi jurnalında dərc olunub.

Belə ki, alman alimləri də könüllüləri çox fərqli şəkildə iyrəndiriblər.

Tədqiqat iştirakçılarına müxtəlif növ iyrənc səhnələr olan videoçarxlar nümayiş etdirilib. Bəzilərinə patogenlərlə mümkün yoluxma halları (insanların birbaşa kameraya asqırması və öskürməsi), digərlərinə çürüyən heyvan cəsədlərinin, eləcə də tarakanların iyrənc görüntüləri göstərilib. Əlbəttə ki, tədqiqatda bir nəzarət qrupu da var idi - bu qrupda şanslı olanlar idilər. Onlar peyzajlara baxırdılar.

Qeydə alınıb ki, antisanitar vəziyyət səhnələrini müşahidə edən iştirakçıların tüpürcəklərində S-IgA səviyyəsi artıb.

Maraqlıdır ki, ən çox ikrah hissi keçirənlərdə immunoqlobulinin konsentrasiyası bir qədər aşağı idi.

Görünür, davranış immuniteti bu şəkildə təbii immuniteti kompensasiya edə bilər: güclü iyrənməsi olan bir insanın potensial "infeksiyaya" yaxanlanması ehtimalı azdır, buna görə də, çox güman ki, patogenlərlə mübarizə aparmaq məcburiyyətində qalmayacaq.

Alman tədqiqatçılarının işi 2022-ci ilin oktyabrında “BBI – Health”də dərc edilib.

Nəhayət, amerikalı alimlər iştirakçıları iyrəndirmək üçün tədqiqatlarında həm qoxulardan, həm də videolardan istifadə ediblər. Sonda onlar xoşagəlməz qoxuların iyrənc videolardan qat-qat təsirli olduğunu müəyyən ediblər.

Onlar, da ikrah hissi keçirən insanların tüpürcəklərində S-IgA səviyyəsinin artdığını aşkar ediblər.

ABŞ alimlərinin araşdırması 13 dekabr 2022-ci ildə “Psixofiziologiya” adlı jurnalda dərc olunub.

Nubar Süleymanova, “İki sahil”