17 yanvar 2023 16:58
408

20 Yanvar faciəsi İmperiyanın sonunun başlanğıcı oldu

Mahiyyəti etibarilə SSRİ xalqlar həbsxanası idi. İmperiyanın rəyi, qərarı olmadan heç yerdə daş üstə daş qoyula bilməzdi. Müttəfiq respublikalar arasında münasibətlər də az qala Moskvanın hökmü ilə tənzimlənirdi. Hansısa mürəkkəb texnologiya ilə başa gələsi məmulatın hissələri müxtəlif şə­hər­lər­də hazırlanırdı. Niyə? – respublikaların bir-birindən iqtisadi asılılığı onların Mərkəzdən asılı­lı­ğına vasitə olurdu.

SSRİ adlanma etibarilə müttəfiq respublikalar birliyi olsa da ögey-doğmalıq da vardı və bu, bəzən açıq səviyyəyə çatırdı (çatdırılırdı). Bu ayrıseçkilik özünü kadr siyasətində də büruzə verirdi. Kadrların əksəriyyəti təmsil etdiyi xalqın mənafeyinin gizlin rezidenti olurdu...

Erməni əsilli akademik Aqambekyanın Fransanın “Humanite” qəzetinə verdiyi müsahibə Ermə­nis­tanın gizlin niyyətlərini açırdı: Dağlıq Qarabağ Ermənistana verilsin. Deyən olmadı ki, niyə? De­yən olmadı ki, “Ayağıma yer eləyim, gör bir sənə nə eləyirəm” deyimi erməniliyə görəmi deyilib? Həmin vaxtlarda 1920-ci ilin mayından bu yana Sibir hədəsinə görə, Lefortofa zindanının sıxıntılarına görə xalqımızın mübarizəsi ilk vaxtlar gizlin gedirdi. Xalqın ruhu “Nə yatmısan, Qoca Vulkan!” deyirdi. Xalq “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri gərək qıram, gərək qıram!” harayı gənclərin düşüncələrinin işığı idi. Ermənilər azərbaycanlıları Ermənistandan çıxar­dan­da, azərbaycanlıların növbəti deportasiyasında bu mübarizə kükrədi. İndi Azadlıq meydanı adla­nan meydan bu kükrəyişə darlıq elədi. Milyonların harayı Xəzərin coşqun dalğalarına qarışdı. Onda rus imperiyası qorxuya düşdü. İmperiya bu kükrəyişin dönməz inqilabi hərəkat olduğunu duyurdu. Duyduğuna görə qüdrətinin azalacağı günlərin sızıltısını yaşayırdı.  

Milli-azadlıq hərəkatı son on illərdə dünyanın müşahidə etmədiyi səviyyəyə çatmışdı. Bu hə­rə­ka­tın başlıca ruhu azərbaycançılıq idi.

SSRİ hökuməti Azərbaycanda davam edən bu hərəkatı məhv etmək üçün müxtəlif üsullardan is­­tifadə etsə də istəyinə nail ola bilmədi. Onda imperiya xislətindən istifadə etməyə qərar veribmiş. Za­man anlamında dünənəcən yeraltı, yürüstü sərvətlərini mənimsəyən, bu sərvətlər hesabına siyasi nü­fuzunu da, iqtisadi qüdrətini də artırırdı. Azərbaycanda dönməzliklə davam edən milli-azadlıq hə­rə­katını boğmaq üçün Bakıya qoşun yeritdi. Macarıstana qoşun yeritdiyi kimi, Əfqanıstana qoşun yeritdiyi kimi, ABŞ-ın Vyetnama qoşun yeritdiyi kimi, ... Bakıda əhaliyə gözlənilən faciənin  bildiril­mə­mə­si üçün göndərilmiş MTN-çi təxribatçılar televiziyanın enerji blokunu partlatdı. Şəhərə yeri­di­lən qoşun qarşısına çıxanları güllələdi, maşınları əzib-keçdi, mənzilinin balkonuna çıxanlara da rəhm eləmədi. Rus İmperiyası müqayisəsi olmayan qırğın törətdi. Yaralıları xəstəxanalara aparan “Təcili yardım” maşınları da iri çaplı silahlarla atəşə tutuldu. Küçə döyüşləri adlandırılan döyüşdə silahsız­lar­la ordu hgissələri döyüşürdü. Bir tərəfdə silahı Vətənə sevgi olanlar, qarşı tərəfdə qadağan olunmuş güllələrlə atış aparan imperiya ordusunun qəddar hərbi qulluqçuları. Bakıya göndərilmiş ordu hissə­lə­rinin tərkibi də bu məqsədlə seçilmişdi: Bakıya rəhmsizlər göndərilmişdi...

 “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu tərəfindən Bakıda və digər şəhərlərdə  147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, yüzlərlə insan isə itkin düşdü. O faciədə öldürülənlərin 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 20 yanvar faciəsində 400 nəfər həbs edildi. Dünya Rus imperiyasının xislətini Bakıda törətdiyi faciədə gördü. Bakıda törədilən qətliam Rus imperiya­sı­nın tarixdə sonunun başlan­ğıcı olacaqdı. Oldu da...

1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nü­ma­yəndəliyinə gələrək faciəni törədənləri, onların timsalında İmperiyanı qınadı, günahkarların cəza­lan­dırılmasını tələb etdi. Ən böyük günahkar İmperiya xisləti idi. Ulu Öndər ən böyük azərbay­canlı kimi yenə də doğma xalqı ilə həmrəy olduğunu nümayiş et­dirdi: “...Azərbaycanda baş vermiş hadi­sə­ləri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəh­bər­liyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Britaniyanın The Guardian” qəzeti 1990-cı il yanvarın 20-də "Bakı küçələri uğrunda savaş" başlığı ilə xəbər dərc etmişdi. Məqalədə deyilir ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücuma keçib: "Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var".

Martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Mixail Qorbaçova müraciət ünvanlayıb. Mək­tubda deyilir: "Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zora­kı­lıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, Sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız". Bunlar azərbaycanda baş verənlərə bəşəri niyyətlərlə yaşayanların münasibətidir. Bu münasibət həm də İmperiyanın qəddarlığına ünvan olmuş bir dövlətə sevgidir...

20 yanvar faciəsi milli-azadlıq hərəkatımızın tarixidir...

Faciənin qurbanları Bakıda, Dağüstü parkda dəfn edildi. Şəhidləri xalq dəfn etdi. İmperiya hərə­kat­dan necə qorxmuşdusa, bu dəfndən də elə çəkinirdi; xalqın qəzəbi İmperiyanın kabusuna çevril­miş­di. Bu hərəkat təsdiqlədi ki, bəşəri niyyətlərlə yaşayan, azadlığı uğrunda mübarizə aparan xalqlar heç zaman məğlub olmur. Azərbaycanlılar kimi!..

20 Yanvar faciəsi İmperiyanın sonunun başlanğıcı oldu...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı