Azərbaycan dövləti və xalqı torpaqlarımızın azadlığı uğrunda öz canını qurban vermiş insanları heç vaxt unutmayacaq
Xalqımız tarix boyu müstəmləkə altında yaşamaqdansa, müstəqil, azad yaşamağı üstün tutub. 70 il Sovetlər İttifaqının tərkibində olarkən xalqımız hər zaman müstəqil, azad dövlət qurmaq uğrunda mübarizə aparıb. Xalqımız bu müqəddəs amal uğrunda həmişə bir olub, mübarizə aparıb. Müstəqil dövlət qurmaq, azad yaşamaq uğrunda qurbanlar, şəhidlər verdik, ancaq müstəmləkəyə, köləliyə boyun əymədik. 1990-ci ilin 20 yanvar günü həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olanlar xalqın maraqlarına zidd hərəkətlərə yol verdiyinə və köləlik siyasəti yeritdiklərinə görə onların istefasını tələb edən, eləcə də Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etdiyinə görə o zamanki SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbiçiləri Bakıya və respublikamızın digər rayonlarına yeridildi. Fövqəladə vəziyyət elan edilməsi barədə xalqa xəbərdarlıq edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Bundan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyətin elan olunmadığı Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali öldürüldü. Azərbaycana göndərilən müdafiə nazirliyinin tərkibindəki hərbiçilərin əksəriyyəti erməni əsgər və zabitlərdən təşkil olunmuşdu. Onlar Bakını zəbt etmək məqsədilə yanvarın 19-u saat 21:00 radələrindən müxtəlif istiqamətlərdən ağır hərbi texnikaları şəhər üzərinə yeritdilər. Bu əməliyyatlar SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ dövlət təhlükəsizliyi komitəsinin sədr müavini Filip Bobkov tərəfindən həyata keçirilmişdir. Yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.
Dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən Sovet ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, qətlə yetirməklə əslində SSRİ rəhbərliyinin qatil olduğunu sübuta yetirmiş oldu. Bu təcavüzkar ordunun törətdiyi 20 yanvar qətliamı dünyanın ən qatı cinayətlərindən biridir. Dəhşətli faktlardan biri də o oldu ki, 1990-ci ilin 20 iyul tarixində SSRİ Baş Prokurorluğu hərbiçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.
Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri və Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi bu qırğınların qarşısını almaq üçün heç bir tədbir görmədi. O vaxtkı bəzi rəhbər şəxslər xalqa ekstremist damğası vurmaqdan belə çəkinmədilər.
Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan dahi lider Heydər Əliyev övladı İlham Əliyev ilə birlikdə 1990-ci il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-ci il tarixli qərar qəbul etdi. Məhz ümummilli liderin təşəbbüsü ilə 1994-cu il mart ayının 29-da Milli Məclisdə “1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında” Qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” Fəxri adı təsis edildi. Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin 2006-ci il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüd təsis edilmişdir. Dövlət başçımızın fərmanlarına əsasən bu təqaüdlərin miqdarı mütəmadi olaraq artırılır. Prezident İlham Əliyevin Fərmanına əsasən 20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata çatdırılmışdır.
Azərbaycan dövləti və xalqı torpaqlarımızın azadlığı uğrunda öz canını qurban vermiş insanları heç vaxt unutmayacaq.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor