19 yanvar 2023 19:25
1491

Kamran Bayramov: Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır

«Dünyanın bir illik iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur. Forumda dünyanın 130 ölkəsindən 2700-dən çox iş adamı, elm xadimi və 52 ölkədən dövlət və hökumət başçıları qlobal inkişafın doğurduğu çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri geniş müzakirə edirlər. Bu gün daha çox diqqət yönəldilən məsələlərdən biri Avropanın enerji gələcəyidir. Zəngin təbii resurslara və əlverişli çoğrafi məkana malik olan ölkəmiz daim dünyanın diqqətində olub.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ölkəmizlə siyasi, iqtisadi, enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Forum çərçivəsində  də biz bunu aydın müşahidə etdik. Bu və ya digər ölkələrlə müxtəlif istiqamətləri əhatə edən sazişlərin imzalanması da Azərbaycanın beynəlxalq aləmdə artan iqtisadi və siyasi mövqeyinin göstəricisidir. Şaxələndirməni enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi dəyərləndirən Azərbaycan dövləti ölkəmizin maraqlarına uyğun olan layihələrin gerçəkləşməsinə daim dəstək verir. Ölkəmizdə  aparılan uğurlu islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın yaranmasında mühüm rol oynayıb.
Deputat diqqətə çatdırıb ki, Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə xüsusi rəğbət müşahidə edilir. Bu, Azərbaycan Prezidentinin İsveçrəyə 19-cu səfəridir. Dövlət başçısı artıq 15-ci dəfədir Davos Forumunda iştirak edir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Budəfəki Forum da istisna olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir.  Digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Hər  zaman olduğu kimi, görüşlərin sektoru kifayət qədər genişdir.  Dövlət, hökumət başçıları ilə, həmçinin dünyanın nüfuzlu şirkətləri ilə keçirilən görüşlər ilk növbədə Azərbaycanın önəmini ortaya qoyur. Digər tərəfdən isə keçirilən görüşlər Azərbaycana yeni investisiyaların cəlbi, yeni bazarların açılması istiqamətində atılan önəmli bir addımdır. Dövlət başçımız hər zaman prioritet olaraq ölkə iqtisadiyyatının önündə gedən neft sektorunun inkişafı və Azərbaycan iqtisadiyyatının ixracyönümlü olmasını ortaya qoyub. Bu baxımdan prioritetlərin həyata keçirilməsi üçün keçirilən görüşlər geniş imkanlar yaradır və Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Davos İqtisadi Formunun diqqət mərkəzində oldu.  Dövlətimizin həyata keçirdiyi məqsədyönlü strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir.
K.Bayramov əlavə edib ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın  Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub.  Bu görüşlər əsnasında  Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb.