20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar ölkəmizin Meksikadakı səfirliyində anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Meksikada akkreditə olunmuş Türkiyə, Gürcüstan və Qazaxıstan səfirliklərinin üzvləri, yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri, KİV nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız və Azərbaycanın meksikalı dostlarının iştirakı ilə baş tutmuş tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Məmməd Talıbov qonaqlara Azərbaycan xalqının azadlıq mübarizəsindən, 20 Yanvar qətliamından və bu faciənin Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda, ən şanlı səhifələrindən biri olmasından bəhs edib.
Ümummilli Lider Heydər Əliyevin dövrünün ağır şərtlərinə baxmayaraq, bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi-hüquqi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğunu deyən M.Talıbov, 20 Yanvar faciəsinin Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında hərbi təcavüz və insanlığa qarşı cinayət kimi qiymətləndirildiyini bildirib.
Mərasim zamanı iştirakçılara 20 Yanvar faciəsinin xronikasını və xalqımızın azadlıq uğrunda sarsılmaz mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, ehsan verilib.