27 yanvar 2023 21:57
664

SOCAR ötən istehsalat ilini uğurla başa vurub

Uğuru şərtləndirən amillər: İdarəetmənin təkmilləşdirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması

SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb

Enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə verilən məlumatda qeyd edilir ki, müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin nəticələrəri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb.

Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib

2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən çox qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz hasil olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7% artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2021-ci illə müqayisədə 6,6% artaraq, 46,7 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 2,6% artaraq 18,5 milyon tona yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3% artaraq 22,4 milyard kubmetrə yaxın olub.

6,2 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib

Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz həcmləri 22,2% artaraq 1,4 milyard kubmetr  təşkil edib. Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən çox təbii qaz istehlak olunub, bu isə  əvvəlki illə müqayisədə 4,4% çoxdur.

2022-ci il ərzində SOCAR tərəfindən 6,2 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.