28 yanvar 2023 17:47
335

“Azərişıq” obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlayıb

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.

ASC-dən "İki sahil"ə verilən məlumata görə, yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bununla yanaşı, abonentlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər də aparılır.

Görülən bütün tədbirlərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir. Belə hallardan biri Xırdalandakı “Mormor” restoranında ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə edilən xüsusi qurğu quraşdırılıb.

Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət göstərən obyektlərin birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.

Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.

Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xəttin daxil olduğu müəyyənləşdirilib.

Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.

Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evlərdə sayğaclara kənar müdaxilələr edilib. Digər neqativ hal Xətai rayonunda aşkarlanıb. Fərdi evin sayğacına baxış keçirilərkən elektrik sayğacından kənar xəttin daxil olduğu müəyyən edilib.

Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.

“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğaclar müasir və rəqəmsal olduğu üçün bütün müdaxilə hallarını özünün yaddaş blokunda saxlayır. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq, həmin müdaxilə halları öz təsdiqini tam şəkildə tapır.

Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu, ardıcıl olaraq davam etdiriləcək. Həmçinin bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.