30 yanvar 2023 19:54
660

Heydər Əliyev və Azərbaycan gəncliyi - FOTO

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində  2 Fevral- Gənclər Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa  keçirib.

“İki sahil” xəbər verir ki,  tədbir iştirakçıları YAP Kürdəmir rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.  
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü  ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov məruzəsinə ümummilli lider Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam”  sözləri ilə başlayıb.  O, bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Ulu öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu ölkə rəhbərimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir

Çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bildirib ki,  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.  Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. O, bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Vəsilə Əsgərli vurğulayıb ki, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən ulu öndərimiz Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzaladı. 1995-ci ilin martında Respublika gəncləri ilə görüşən Ulu Öndərimiz onların sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevralından etibarən hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması,gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu,  gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülsüm Qənbərova, “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır” mövzusunda Kürdəmir rayon  Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zəfər Abbaslı, “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda  Pirili kənd  tam orta məktəbin ibtidai sinif müəlliməsi  Aysel Kərimova, “Yeni Azərbaycan Partiyası və gənclər siyasəti” mövzusunda YAP-ın gənc fəalı  Cəbrayıl Qəniyev və “Heydər Əliyev və müasir gənclik ” mövzusunda  Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi  Çinarə Rəsulova çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi əhəmiyyətindən, ulu öndərin təhsilə, mədəniyyətə, idmana olan qayğısından, Yeni Azərbaycan Partiyasının tarixindən, şərəfli inkişaf yolundan, dövlətin gənclərə olan  diqqətindən ətraflı söhbət açıblar. Onlar bildiriblər ki, Ulu Öndərimiz Heydər Əliyevin 1 fevral 1997-ci il tarixdən imzaladığı fərmana əsasən fevral ayının 2-si Azərbaycan Gəncləri günü elan edildi. Ümummilli Liderimiz sonrakı mərhələdə gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi.     Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət 2003-cü ilin oktyabrından etibarən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyev tərəfindən uğurla və  layiqincə davam etdirilir. Ölkə rəhbəri, partiyamızın Sədri gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və  Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  cənab  İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevirlməsi prosesinə  öz töhfəsini verməyə  çalışır.

Tədbirin sonunda  partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.