01 fevral 2023 02:57
615

Ümummilli Lider müasir gənclər siyasətinin banisidir

1996-cı il fevralın 2-də məhz Ulu Öndərin dəstəyi ilə Azərbaycan Gənclərinin I Forumu keçirilib

Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.

Ümummilli lider Heydər Əliyev

Ulu öndər Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ümummilli Liderin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfi deyildir ki, Ulu Öndər hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Ulu öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Dahi rəhbərin təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan Gənclərinin I Forumunda bu barədə danışan Ulu Öndər demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq dövlətin gənclər siyasəti həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Hələ Sovet hakimiyyəti illərində Ümummilli Liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu Öndər savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Ulu Öndərin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci ildə respublikamızda Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir.

1996-cı il fevralın 2-də Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu Öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı.

Əminliklə demək olar ki, 2 fevral forumundan sonra müstəqil Azərbaycanda gənclərə olan münasibət kökündən dəyişib, gənclərin sosial problemlərinin həlli istiqamətində böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyev deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış “Gənclər siyasəti haqqında” qanunda deyilirdi: “Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə - mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır.”

Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Ölkə başçısının gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu gənclər siyasəti 2020-ci ilin sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində özünü parlaq şəkildə nümayiş etdirdi. Vətənpərvər gənclərimiz təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdilər.

Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev ideyalarını daim öz fəaliyyətində rəhbər tutan Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə inamla addımlayaraq yeni uğurlara imza atmaq üçün bundan sonra da var qüvvəsini səfərbər edəcəkdir.

Zahid Rza, “İki sahil”