03 fevral 2023 14:14
238

Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.

“İki sahil” xəbər verir ki,  dövlətimizin başçısı 2020-ci ildə İtaliyaya dövlət səfərini, həmçinin ötən ilin sentyabrında rəsmi səfərini xatırladı, İtaliyanın Prezidenti və digər yüksək rəsmi şəxsləri ilə görüşlərini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu dedi.

İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirildi, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi qeyd olundu. Diqqətə çatdırıldı ki, ADA Universiteti ilə İtaliya universitetləri arasında imzalanmış sənədə uyğun olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulandı. Diqqətə çatdırıldı ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edildi.

İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürün bildirdi və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını dedi.

Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd etdi, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.