03 fevral 2023 17:37
268

IAP Azərbaycanla uğurlu əməkdaşlığın nümunəsidir - Kristina Çeliç

İon-Adriatik boru kəməri (IAP) Azərbaycanla uğurlu əməkdaşlığın nümunəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin energetika məsələləri üzrə baş direktoru Kristina Çeliç Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası zamanı deyib.

"Azərbaycana bugünkü səfərimin əsas səbəbi olan İon-Adriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulamaq istərdim. Bu, Azərbaycanın Avropaya qaz nəqli məsələsindəki uzaqgörənliyi sayəsində Aİ ilə sərhəddən Cənub-Şərqi Avropaya qaz nəqlini təmin edəcək dörd dövlət arasında uğurlu əməkdaşlığın nümunəsidir", - o deyib.

Nəzərdə tutulan İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

516 km uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin, Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.