10 fevral 2023 12:21
917

“Azəriqaz”: Soyuq havalarda təmir işlərini məhdudlaşdırırıq

“Havaların kəskin soyuması ilə əlaqədar çalışırıq ki, təmir işlərini tam olaraq məhdudlaşdıraq”.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qaz təchizatı rejimləri ilə bağlı, demək olar ki, heç bir problem yoxdur. Qaz təchizatının dayandırılması fərdi qaydada hansısa fərdi hadisə səbəbindən ola bilər.

“Məsələn, Biləsuvar rayonunda hal-hazırda aşkar olunmuş sızma ilə bağlı müəyyən dayanma işlərimiz var. Biləsuvar şəhərinin bir hissəsi və 4 şəhər məntəqəsində qaz təchizatı dayandırılıb və orada qazın qısa müddət ərzində verilməsi istiqamətində lazımi işlər görülür”, - şöbə müdiri qeyd edib.

Qeyd olunub ki, sön üç gündə havaların kəskin soyuması ilə əlaqədar Bakıda 10 ünvan üzrə ağac və daş hasarların aşması nəticəsində qaz xətləri və sayğaclara ziyan dəyib. Bir ünvanda (Bilgəh qəsəbəsi, Albalı yaşayış massivi) isə avtoqəza nəticəsində 219 millimetrlik orta təzyiqli qaz xətti qırılaraq 1 500 abonent qazsız qalıb. Hal-hazırda “Azəriqaz”ın əməkdaşları hadisə yerindədir və dəymiş ziyanın nəticələrini aradan qaldırır.