Qardaş Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından dövlətimizin, xalqımızın Türkiyə xalqına göstərdiyi dəstək dövlətlərimiz, xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Humanizm, mərhəmət prinsipləri, yardımsevərlik Türkiyə-Azərbaycan münasibətlərinin başlıca prinsipidir.
“İki sahil” xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir. Zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin demək olar ki, bütün vətəndaşları qoşulub. Onların arasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti də var. Trestin kollektivi əməkhaqlarından 300 min TL toplayaraq Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi - AFAD-ın bank hesabına köçürüblər. Kollektivin ortaq qərarı ilə qardaş ölkəyə yardım davam etdiriləcək.
Azərbaycan dövləti və xalqı hər zamanki kimi yenə də Türkiyənin yanındadır və yanında olmağa davam edəcək.